Futbol üzrə Türkiyə Superliqasının XIII turunda “Beşiktaş” öz meydanında “Göztəpə”yə məğlub olub.
“Report” xəbər verir ki, baş hakim Alper Akarsunun idarə etdiyi matç "Tupras" stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb: 3-cü dəqiqədə “Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy Yonas Svenssonun ötürməsini qola çevirib. 9-cu dəqiqədə fərq artıb. Bu dəfə Malkom Bokele topu öz qapısına vurub. Lakin cəmi üç dəqiqə sonra kamerunlu müdafiəçi öz səhvini düzəldərək komandasının ilk qoluna imza atıb – 2:1. 32-ci dəqiqədə izmirlilərin müdafiəçisi Taha Altıkardeş yaponiyalı Kuryu Matsukinin ötürməsindən sonra "status-kvo"nu bərpa edib.
Oyunda növbəti qol 82-ci dəqiqədə vurulub: “Çelsi”nin sabiq hücumçusu David Fofana “sarı-qırmızılar”ı hesabda irəli çıxarıb. Məhsuldar ötürmənin müəllifi braziliyalı Romulo Kardozo olub. 85-ci dəqiqədə qonaqlar azlıqda qalıblar. Bununla belə, əlavə edilmiş birinci dəqiqədə sloveniyalı Tiyaniç Kardozonun ötürməsindən sonra oyunda son nöqtəni qoyub - 2:4.
Beləliklə, eyni sayda (12) oyundan sonra “Göztəpə” 21 xal toplayıb və top fərqinə görə “Beşiktaş”ı geridə qoyaraq 5-ci pilləyə yüksəlib.