“Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”.
Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli Babakişiyev Tovuz şəhər stadionunda aşan işıq dirəyinin bərpa olunma tarixi ilə bağlı danışarkən deyib.
Klub rəsmisi bildirib ki, rəhbərlik hazırda bu iş üçün səfərbər olub: “Layihə yekunlaşmaq üzrədir. Hazır olandan sonra ekspertizaya müraciət olunacaq ki, layihəmiz budur. Ondan sonra işə başlayacağıq. Yəqin ki, qarşıdakı bir neçə ev matçını günorta saatlarında keçirəcəyik. Bu işi növbəti mövsümə saxlamayacağıq”.
Əli Babakişiyev dirəyin aşma səbəbini də açıqlayıb: “Aidiyyəti qurumlar tərəfindən projektora baxıldı. Dirəklər zavod məhsuludur. Ekspertizanın rəyi düşündüyümüz kimi təbii fəlakət oldu. Çünki quraşdırılmada heç bir problem yaranmamışdı. Yəni səbəb sırf təbii fəlakətdir”.
O, arenanın digər işıq dirəkləri ilə bağlı heç bir narahatlığın olmadığını sözlərinə əlavə edib: “Onlarla bağlı təhlükə yoxdur. Uçan dirəklə paralel dirək montaj olunacaq. Digər dirəklərlə bağlı tam rəyi isə ekspertiza verəcək”.
Qeyd edək ki, 2023-cü il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.