Tərlan Əhmədov: "Üzləşdiyim haqsızlıqlardan kitab yazmaq istəyirəm" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Üzləşdiyim haqsızlıqlardan kitab yazmaq istəyirəm" - MÜSAHİBƏ "Futbolçu olduğum dönəmdə və məşqçilik karyeramda hər zaman zərbələr almışam. Hətta uğurlu illərimdə də zərbə aldım, haqsızlıqlarla üzləşdim"
Futbol
12 May , 2022 11:05
Tərlan Əhmədov: Üzləşdiyim haqsızlıqlardan kitab yazmaq istəyirəm - MÜSAHİBƏ
Tərlan Əhmədov

Azərbaycan millisinin sabiq futbolçusu, SSRİ U-19 yığmasının heyətində Avropa çempionu adını qazanmış, "Neftçi"nin və "Keşlə"nin (hazırkı "Şamaxı") sabiq baş məşqçisi Tərlan Əhmədovun "Report"a müsahibəsi

- Azərbaycan yığmasının sabiq cüdoçusu və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova haqqında bədii-sənədli filmin təqdimat mərasimində iştirak etdiniz. Fimlə bağlı təəssüratlarınız necədir?

- Kifayət Qasımovanı təbrik edirəm. Çox gözəl tədbir keçdi. Film onun həyat bioqrafiyasından bəhs edir. Qasımovanın keşməkeşli, ağır və uğurlu həyat yolunun olduğunu bilirik. Kifayət xanım Qarabağ bölgəsindəndir, uzun müddət torpaqsız, vətənsiz və evsiz qalıblar. Bu həyatı yaşayaraq idmanda uğurlar əldə etmək hər insana nəsib olmur. Kifayət xanıma məşqçilik karyerasında uğurlar diləyirəm. İdmançı kimi əldə etdiyi uğurların daha yaxşısını məşqçi kimi qazanmasını arzulayıram.

- Sizin belə ideyanız varmı: Tərlan Əhmədov haqqında sənədli filmin çəkiləcəyi gözlənilirmi?

- Əlbəttə, mən də istəyirəm. İlk növbədə, keçdiyim həyat yolu, uğurlar və uğursuzluqlarla bağlı kitab nəşr etdirmək niyyətindəyəm. Yaşadığım haqsızlıqlar və s. barədə kitab yazmaq fikrim var.

- Haqsızlıqlar deyəndə nəyi nəzərdə tutursunuz?

- Futbolçu olduğum dönəmdə və məşqçilik karyeramda hər zaman zərbələr almışam. Hətta uğurlu illərimdə də zərbə aldım, haqsızlıqlarla üzləşdim. İndiki dövrdə və mənim oynadığım vaxtda da haqsızlığa məruz qalan oyunçular olub. Öz həyatım və futbol karyeramla bağlı kitab ərsəyə gətirmək istəyirəm. Mən də haqqımda bir filmin olmasını istəyirəm. Şirvan şəhərindən Bakıya gəlmək, idman təmayüllü internat məktəbinə qəbul olandan sonra SSRİ yığmasına düşmək, Avropa çempionu olmaq, uzun illər yığmanın və bir neçə klubun kapitanlıq sarğısını daşımaq kasıb ailənin övladı üçün böyük uğurdur. İstəyirəm ki, belə film mənim üçün çəkilsin.

- Məşqçilik karyeranızda durğunluq hökm sürür. Hazırda sizə hansısa təklif varmı?

- Xeyr, hazırda hansısa təklif yoxdur. Adım hər yerdə hallanır. Artıq yeni mövsümdən "Kəpəz" və "Turan Tovuz" Premyer Liqada iştirak edəcək. Onlar elitaya rəng qatacaqlar. Bu gün mətbuatda adımın "Kəpəz" və "Turan Tovuz"la hallandığını oxuyuram. Haradan təklif alacağıqsa, onu da dəyərləndirəcəyik. Amma hazırda hansısa müraciət olunmayıb, bunlar sadəcə yazıdır.

- Bu iki klubdan təklif olsa, işləməyə razı olarsınız?

- Əlbəttə. Bizim işimiz budur. Hamımız Azərbaycan futboluna xidmət edirik. İşlədiyimiz klubun uğurlu nəticə qazanmasını və yaxşı futbolçuların yetişməsi üçün çalışırıq. Əyalət təmsilçilərinin yenidən əsas liqada olmasını arzulayırdıq. Digər bölgə komandalarının da Premyer Liqamızda iştirak etməsini istəyirik. "Kəpəz", "Turan Tovuz" və digər klublardan təkliflər olsa, sev-sevə işimizə davam edərik.

- Azərbaycan Premyer Liqasında hazırkı mövsümü dəyərləndirməyinizi istərdik: "Qarabağ" vaxtından əvvəl çempionluğu təmin etdiyi halda, "Neftçi"nin titulunu qoruya bilməməsinə əsas səbəb nə oldu?

- "Qarabağ"ı təbrik edirəm. Qış fasiləsindən sonra söyləmişdim ki, Ağdam təmsilçisi rahat çempion olacaq. Çünki onların rəqibi yox idi. Komanda digər rəqiblərindən səviyyə baxımından həddindən artıq üstündür. "Neftçi" üçün isə titulu qorumaq çox çətin idi. Bundan ötrü komandanın özəyini saxlamaq lazım idi. Sabir Buqrin, Mamadu Kane kimi futbolçular getməməli idilər. Çünki onlar aparıcı oyunçular idilər. 2018-ci ildən sonra "Neftçi"də demək olar ki, tək Emin Mahmudov qalıb. Komandanın 99 faizi dəyişir. "Qarabağ" isə il ərzində 1-2, maksimum 3 futbolçu transfer edir. Onlar komandanın özəyini saxlamağa çalışırlar. Qurban Qurbanovun fəlsəfəsi də məhz budur. "Neftçi"də isə qışda dəvət alanlar yayda göndərilir, yayda alınanlar isə qışda klubla vidalaşır. Komandanın nə özəyi var, nə də oyun fəlsəfəsi. Belə olan halda komanda proqramdan çıxır və stabil oyun sərgiləyə bilmir. Qurban Qurbanov artıq öz fəlsəfəsini kluba aşılayıb. Bu mütəxəssis transferləri özü edir, seçdiyi futbolçuların nəyə qadir olduğunu, hansı oyunu nümayiş etdirəcəyini bilir. Digər klublarda isə seçimin fərqli formada olması özünü biruzə verir. Baş məşqçidən daha çox idman menecerləri oyunçular seçir və dəvət edirlər. Bu da komandalara böyük problemlər yaradır. Düşünürəm ki, "Qarabağ" çempionluğa layiqdir. Sonadək, axırıncı turadək rəqabətin olmasını istəyirdim. Amma "Neftçi" qışadək vacib xallar itirmişdi. Sabit oyun nümayiş etdirə bilmədiklərindən, çempionluq əldə getdi.

- 2017/2018 mövsümündə "Neftçi"yə rəhbərlik etmisiniz. Komandanın hazırkı baş məşqçisi Samir Abasovun "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları XXVI tur oyunundan sonra verdiyi açıqlama birmənalı qarşılanmayıb. Belə açıqlamanı doğru hesab edirsiniz?
- Həmişə bildirmişəm ki, baş məşqçi və klub rəhbəri azarkeşlərə qarşı irad tuta bilməz. Çünki azarkeş məğlubiyyəti qəbul edə bilmir. Bu, normal haldır. Onlar öz klublarını həmişə seviblər və çalışıblar ki, komanda həmişə yaxşı nəticə göstərsin. Düşünürəm ki, bu suala Samir Abasov cavab versə, daha yaxşı olar. Mən tərəfdən nə isə demək düzgün deyil. Onlar azarkeşdirlər, uğurlu çıxış etdikdə komandanın ürəyidirlər.

- "Qarabağ" Çempionlar Liqasında, "Neftçi" isə Konfrans Liqasında çıxış edəcək. Növbəti iki vəsiqənin sahibi qarşıdakı oyunlardan sonra bəlli olacaq. "Qəbələ", "Zirə" və "Sabah" komandalarından hansının daha şanslı olduğunu düşünürsünüz?
- Əvvəl "Qəbələ"də oyun baxımından geriləmə var idi. Bildirirdim ki, komanda öz fəlsəfəsini, taktikasını və sistemi dəyişməlidir. Son iki turda komanda oyun formatını tamamilə dəyişib. Elmar Baxşıyev qalib ruhlu komanda formalaşdırıb. Düşünürəm ki, "Zirə" və "Qəbələ"nin avrokubok üçün şansı daha çoxdur.

- AFFA İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayını olduğu kimi saxlayıb. Buna münasibətiniz necədir?
- Mən limitin dəyişməsini istəmirəm. İlk növbədə, yığma komandanı fikirləşməliyik. Bizdə klub sayının az olduğu vaxtda milliyə futbolçu seçmək çətindir. Limiti dəyişib, 7+3 və ya 8+2 etsək, yığmaya oyunçu seçimi çətinləşəcək. 21 yaşlı futbolçunun heyətdə olması isə illərdir komandalara problem yaradırdı. Legioner limiti təmiz götürülsə, yığmanı məhv edərik. Uzun illərdir futbolçu seçimində problemlər yaşayırıq. Oyunçu az olanda milliləşdirməyə üstünlük verilir, bunun da xeyrini görməmişik. AFFA İcraiyyə Komitəsi Azərbaycan futboluna xidmət edəcək qərarlar verib.

Son xəbərlər

Orphus sistemi