"Sumqayıt" "Neftçi"nin məğlubiyyətsiz oyunlar seriyasına son qoydu

"Sumqayıt" "Neftçi"nin məğlubiyyətsiz oyunlar seriyasına son qoydu “Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Futbol
14 Sentyabr , 2020 10:42
Sumqayıt Neftçinin məğlubiyyətsiz oyunlar seriyasına son qoydu

“Neftçi” klubunun məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında sonuncu dəfə 2019-cu il noyabrın 9-da “Keşlə”yə 1:2 hesabı ilə uduzan bakılılar 276 gündən sonra “Sumqayıt”a məğlub olub. Bu dəfə 0:2 hesablı məğlubiyyət alan “ağ-qaralar”ın 10 matçlıq seriyası sona çatıb. Bu müddətdə “Neftçi” 6 qələbə qazanıb və 4 heç-heçə edib.

Bütün turnirlər nəzərə alınmaqla, son məğlubiyyət isə ötən il dekabrın 16-da qeydə alınmışdı. Həmin vaxt Azərbaycan Kubokunun “Sumqayıt”la görüşündə 0:1 hesabı ilə uduzan “Neftçi” 239 gündən sonra yenilib. Ardıcıl 9 görüşdə məyus olmayan paytaxt klubu 5 qələbə və 4 heç-heçəyə sevinib.

Bu, həm də baş məşqçi Füzuli Məmmədovun karyerasında ilk məğlubiyyət olub. Debütü 2020-ci il fevralın 1-də elə “Sumqayıt”la oyunda (1:1) gerçəkləşən mütəxəssis ümumilikdə 8, Premyer Liqada 7 məğlubiyyətsiz oyun keçirib. Bu görüşlərdən 3-ü heç-heçə bitibsə, çempionatda 4, bütün turnirlərdə 5 qələbə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi