"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov peşəkar karyerasında 2005-ci ildə "Turan" klubunda başlayıb.
2013-cü ildən "gənclik şəhəri" təmsilçisinin formasını geyinən 34 yaşlı futbolçu 2008-2010 və 2011-2013-cü illərdə "Qəbələ"də də çıxış edib.
Azərbaycan millisinin sabiq müdafiəçisi "Report"un suallarını cavablandırıb.
- Premyer Liqanın XVI turunda "Kəpəz"i 2:1 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Gəncə səfəri hamı üçün ağır keçir. Bizim üçün də belə olacağı bəlli idi. Oyuna yaxşı hazırlaşmışdıq. Komandamız üçün finala bərabər qarşılaşma idi. Yaxşı oynadıq və yekunda qələbə qazandıq.
- Məhz 15 oyundan sonra qələbə qazana bildiniz. Bunun əsas səbəbini nədə görürsünüz?
- 15 matçda qələbə qazana bilməməyimizin tək səbəbkarları başda mən olmaqla bütün futbolçular idi.
- İlk qələbədə yeganə qolu da siz vurdunuz. Hücumçular bu işin öhdəsindən layiqincə gələ bilmir?
- Onlar öz işlərinin öhdəsindən gəlirlər. Sadəcə həmin gün bəxtləri gətirmədi, qol vurmaq da mənə qismət oldu.
- Matçdan sonra formanı azarkeşə verdiniz. Bu anidən baş verdi?
- Həmin fanat Gəncədə tanıdığım yaxınımdır. Əvvəlcədən məndən formamı istəmişdi.
- Kifayət qədər xal itirdiyinizi nəzərə alsaq, bundan sonra çempionatda hansı yeri tuta bilərsiniz?
- Hazırda 9 xalla sonuncu sıradayıq. Qış fasiləsinədək finala bərabər iki görüşümüz olacaq. Bu tempi saxlamağa və yaxşı nəticələr qazanmağa çalışacağıq.
- "Sumqayıt"da heyətlə bağlı dəyişikliyə, komandanın güclənməsinə ehtiyac görürsünüzmü?
- Həm baş məşqçi Samir Abasov, həm də rəhbərlik bu barədə düşünür. Bu gün sonuncu pillədəyiksə, hər mövqeyin güclənməsinə ehtiyac var.
- Son olaraq, Qətərdəki dünya çempionatı ilə bağlı fikirlərinizi almaq istərdik. Hansı yığmaya azarkeşlik edirsiniz?
- Bacardığım qədər mundialın hər oyununu izləyirəm. Uşaqlıqdan Braziliya millisinə azarkeşlik edirəm və "sambaçılar"ın çempion olmasını istəyirəm.