Makedoniyanın "Şkupi" komandasının məşqçisi Muharem Bayrami Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
"Report"un məlumatına görə, klubun rəsmi saytına danışan 35 yaşlı mütəxəssis "Neftçi"nin Avropa arenasında böyük təcrübəsi olduğunu söyləyib.
Keçmiş yarımmüdafiəçi bildirib ki, matçın səfərdə keçirilməsi onlara çətinlik yaradacaq: "Azərbaycan çempionatının öz ənənələri var. Səfərdə oynayacağımız üçün bizə çətin olacaq. Amma mərhələ 1 oyundan ibarət olduğundan əlimizə düşən şansdan maksimum yararlanmağa çalışacağıq".
Bayraminin sözlərinə görə, "Neftçi"ni analiz etmək üçün kifayət qədər vaxtları var: "Ümid edirik ki, yeni transferlərimiz də formada olacaq. Favorit olmasaq da, maksimum nəticə qazanmaq üçün başımızı dik tutacağıq".
Qeyd edək ki, "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də keçiriləcək.