"Azarkeşlərimiz meydanda 12-ci futbolçudur və bizi irəli aparırlar. Onlar komandaya əlavə ruh verir, bu isə oyunçuların xoşuna gəlir. Ümid edirəm ki, cümə axşamı tribunalarda böyük izdiham olacaq".
"Report"un məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının kapitanı Skott Braun evdə "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl "Eveningexpress"ə açıqlamasında deyib.
36 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə dueli özləri üçün böyük qarşılaşma adlandırıb: "Gənclərin qrup mərhələsinə vəsiqə qazanmaq üçün çalışması əladır. İlk oyundakı meydan qorxunc idi. Amma bunun öhdəsindən gəlməyə məcbur olduq. Şərtlər hər iki komanda üçün eyni idi və görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün onlardan üzr istəyəcəyik".
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.