"FIFA sıralamasına baxanda qrupdakı digər rəqiblərin bizdən yaxşı olduğu görünür. Reytinqimizi artırmaq üçün çalışırıq".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Avropa çempionatı ilə bağlı İtaliya mətbuatına açıqlamasında deyib.
69 yaşlı mütəxəssis İtaliyanı qrupun favoriti hesab edib: "Təbii ki, İtaliya digər rəqiblərimizdən güclüdür. Bu komanda ilə görüşdə əldə edəcəyimiz bərabərlik və ya qələbə hamını təəccübləndirə bilər. Ümid edirəm ki, belə də olacaq. Bütün oyunlar çətindir. Qrupda 5-6 xal toplamaq çox yaxşı olar. Amma bəlkə də 4 xal növbəti mərhələ üçün yetərli ola bilər".
Güneş AVRO-2020-nin çətin keçəcəyini sözlərinə əlavə edib: "Bunun fərqindəyik. Qrupda qalacağıqsa, yaxşı çıxış edərək, yaxşı futbolla vidalaşmaq istəyirik. Mən meydanda yaxşı futbol görmək istəyirəm. İnanclı komanda imici göstərmək istəyirik. Qrupdan çıxsaq, hədəfimizə çatacağıq. Sonrakı bizim üçün ekstra olacaq".
Qeyd edək ki, "ay-ulduzlular" Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.