"Səbail"in kapitanı Mahir Mədətovun "Beşiktaş"a keçidi ilə bağlı çaşqınlıq yaradan paylaşımına aydınlıq gətirib

"Səbail"in kapitanı Mahir Mədətovun "Beşiktaş"a keçidi ilə bağlı çaşqınlıq yaradan paylaşımına aydınlıq gətirib "Vaqif Cavadov kimi gedib-qayıtmaqdansa, "Qarabağ"da qalmaq yaxşıdır"
Futbol
22 Dekabr , 2017 17:43
Səbailin kapitanı Mahir Mədətovun Beşiktaşa keçidi ilə bağlı çaşqınlıq yaradan paylaşımına aydınlıq gətirib

Bakı. 22 dekabr. REPORT.AZ/ “Mahir Mədətovun müqavilə bağladığı zaman çəkilən şəkilinin “Beşiktaş”a heç bir aidiyyatı yoxdur. Həmin şəkil idmanla əlaqəli başqa bir sözləşmə imzalanan zaman çəkilib”.

Bunu “Report”a açıqlamasında “Səbail”in kapitanı Eltun Yaqublu “Qarabağ”ın futbolçusu Mahir Mədətovun müqavilə imzalayan vaxtı çəkilən şəklini paylaşmasına aydınlıq gətirərkən deyib.

Yaqublunun şəxsi “Instagram” hesabında paylaşdığı şəkil mətbuatda, xüsusən də Türkiyə mediasında çaşqınlığa səbəb olub. Qonşu ölkə KİV-i sözgedən fotonu əsas götürərək Mədətovun “Beşiktaş”la müqavilə bağladığı yönündə xəbərlər tirajlayıblar.

"Səbail"in kapitanı isə Mədətovla dostluq münasibəti olduğu üçün bu cür addım atdığını söyləyib. Onun sözlərinə görə, “Qarabağ”ın futbolçusu “Beşiktaş”dan təklif almayıb: “Mahir mənim dostumdur. Zarafat üçün şəklinə qartal rəsmi əlavə etdim. Mətbuat da götürüb, tirajladı. Bunun “Beşiktaş”la bağlılığı yoxdur. Transferi klub səviyyəsində edirlər. Mən belə işlərdən xəbərsizəm. Məncə, Mahir “Qarabağ”da qalacaq. Rəsmi təklif yoxdur. Olsaydı, xəbər tutardım. Bir yerdə oluruq. Özündən soruşmuşam. Təklif almaq, görüşmək kimi söhbətlər yoxdur”.

Yaqublunun fikrincə, Avropa klublarından birində ehtiyatda qalmaqdansa, “Qarabağ”da mütəmadi meydana çıxmaq daha yaxşıdır: “Ürəyim istərdi ki, Avropaya getsin, oynasın, qol vursun. Amma bəzi reallıqlar var. “Qarabağ” da elə-belə komanda deyil, Çempionlar Liqasında çıxış edib. Qalıb, bir az da özünü göstərəndən sonra getsə, daha yaxşı olar. O vaxt Vaqif Cavadov Hollandiya “Tvente”sinə yollanmışdı, amma heç bir oyuna çıxmadı, Bakıya qayıtdı. Ondansa, elə “Qarabağ” kimi komandada qalıb, avrokuboklarda çıxış etməsini məsləhət görərdim. Amma yenə deyirəm, getməsini istərdim. Biz də baxıb sevinərdik”.

Son xəbərlər

Orphus sistemi