"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev "Report"a müsahibə verib. 58 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında arxada qalan mövsümü və komandasının çıxışını dəyərləndirib. O, həmçinin Türkiyə təmsilçisi "Ümraniyəspor"da çıxış edən oğlu Coşqun Diniyevin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.
- Azərbaycan Premyer Liqasında arxada qalan 2023/2024 mövsümünü necə dəyərləndirərdiniz?
- Turnir cədvəlində birinci və sonuncu pillələri nəzərə almasaq, digər mövqelər uğrunda amansız mübarizə getdi. "Qarabağ" Azərbaycan çempionatında çıxış edən klublardan aşkar üstündür. Digər komandaların hər biri oyun keyfiyyətini çox artırıb. Ölkə çempionatında çıxış edən legionerlərin səviyyəsi də qənatbəxş idi. "Qəbələ"nin I Liqaya düşməsi bizi kədərləndirməyə bilməzdi. Bu cür bazası və infrastrukturu olan komandanın Premyer Liqanı tərk etməsi üzücü idi. İnşallah, növbəti mövsüm toparlanıb, yenidən elitaya qayıdarlar. Ümumilikdə son 4 tura qədər 6 klub avrokuboklar uğrunda mübarizə apardı. Son 4 turda "Səbail" və "Turan Tovuz" bu siyahıdan çıxdı. Qalan 4 komanda son həftəyə qədər gərgin mübarizə apardı və mükafatçılar sonuncu turda bəlli oldu. Oyunların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çox çətin idi. Bu da yarışın nə qədər maraqlı keçdiyini göstərir.
- “Səbail” mövsümü 42 xalla 7-ci pillədə başa vurdu. Komandanın büdcəsini nəzərə alsaq, mükafatçılar sırasından kənarda qalmağınıza nə mane oldu?
- Əvvəla, bildirmək istəyirəm ki, "Səbail"in büdcəsi mətbuatda yazılan kimi deyil. Ötənilki vəsaitlə biz 7-ci sıraya yüksəldik. 2022/2023 mövsümünü isə 9-ci pillədə başa vurmuşduq. Orta-aşağı büdcə ilə komanda öz oyununu sərgilədi. Əslində bu mövzular ətrafında danışmağımız düzgün çıxmaz. Amma bəzi məsələləri açıqlamaq məcburiyyətindəyəm. Avrokuboklardan kənarda qalmağımıza isə sabitlik mane oldu. Əvvəlki mövsümdə çıxış edən futbolçuların əksəriyyəti klubdan getdi və demək olar ki, əsas heyət yeni oyunçulardan təşkil olundu.
Onlara 8-9 ay zaman lazım idi ki, bir-birilərinə uyğunlaşsınlar. Onlar uyğunlaşana qədər isə mövsüm başa çatır. Bizim qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulmamışdı. Komandada sabitlik yaratmaq üçün uzun zaman lazımdır. Bu il 2 pillə irəlilədik. Mövqeyimizi daha da yaxşılaşdıra bilərdik, amma sona 4 tur qalmış "Sabah"a məğlub olmağımız futbolçularda ruh düşkünlüyü yaratdı. Onlar bu məğlubiyyətdən sonra avrokuboklara vəsiqə qazana bilməyəcəyimizi görəndə, komandanı toparlamaq çətin oldu. Məqsəd olmadığı üçün motivasiya azalmışdı. Yaxşı oyun sərgiləsək də, son 4 turu məğlub başa vurduq. İstənilən halda, "Səbail"in çıxışını uğurlu hesab edirəm. Komandamız öz oyunu ilə Premyer Liqaya rəng qatdı.
- Ötən gün "Səbail"lə müqavilə müddətini daha 1 il uzatdız. Yeni mövsüm öncəsi rəhbərliklə hansı şərtləri razılaşdırdınız və hədəfləriniz nə olacaq?
- Komandada yer alan bütün futbolçuların müqavilə müddətləri başa çatıb. Onlarla danışıqlar aparacağıq və yalnız bundan sonra hədəflərimiz bəlli olacaq. Əlimizdə olan futbolçulara baxıb, ona uyğun qərar verəcəyik. Düşünürəm ki, komandada hansı futbolçuların yer alacağını bilmədən hədəf barədə danışmaq axmaqlıq olardı. Heyəti formalaşdırdıqdan sonra yeni mövsümdə hansı mövqelər uğrunda mübarizə aparacağımızı söyləyə bilərik.
- Cari mövsüm "Səbail"in heyətində ən çox qol vuran (15 qol) Aleksandr Ramalinqomu klubda saxlamaq mümkün olacaq?
- Bu yöndə futbolçu ilə danışıqlarımız olacaq. Çalışacağıq ki, bizimlə davam etsin. Anlayıram ki, hər futbolçu yüksək maaş müqabilində oynamaq istəyir. Ramalinqom sərgilədiyi futbolla və vurduğu qollarla buna layiq oyunçudur. Lakin bizim də məhdud büdcəmiz var. Bir futbolçuya görə digər oyunçularla maliyyə problemləri yaşamaq istəmirik. Çalışacağıq ki, ən doğru qərarı verək.
- Komandanızda görmək istədiyiniz xüsusi futbolçular var?
- Əlbəttə, belə oyunçular var. Amma maliyyə məsələlərinə görə hər futbolçunu heyətə qata bilmərik. Bunun üçün büdcə yetərli olmalıdır. Mənim transfer etmək istədiyim futbolçunu yarım saat sonra başqa bir klub daha yaxşı təkliflə heyətinə cəlb edir. Bu, başadüşüləndir. Hər birinin karyerası qısadır və yaxşı maaş qarşılığında oynamaq istəyirlər. Lakin aşağı səviyyəli futbolçuları da heyətə qatmağı düşünmürük. Transfer xatirinə transfer etməyəcəyik.
- Türkiyənin "Ümraniyəspor" klubunda çıxış edən oğlunuz Coşqun Diniyevin gələcək taleyi ilə bağlı nə deyə bilərsiniz?
- Coşqunun başqa klublardan təklifləri var. Bu məsələ ilə onun Türkiyədəki meneceri məşqul olur.
- Onu "Səbail"ə gətirmək barədə düşünürsünüz?
- Birmənalı şəkildə deyə bilərəm ki, indiki vəziyyətdə Coşqun Diniyev futbolçu kimi Azərbaycana qayıtmayacaq. Milli komandanın təlim-məşq toplanışından sonra onun taleyinə aydınlıq gələcək.
- Bir vaxtlar çalışdırdığınız Azərbaycan milli komandasına hələ də baş məşqçi təyin olunmayıb. Bu məsələnin yubandığını düşünmürsünüz?
- Əlbəttə, zaman daralır və artıq yeni baş məşqçi tapmağın vaxtı çatıb. Lakin Rövşən Nəcəf başda olmaqla AFFA-nın yeni rəhbərliyi seçim zamanı yanılmamağa çalışır. Onları başa düşürəm. Hər halda, indiyə qədər olan seçimlərin uğurlu alındığını deyə bilmərik. Hər kəs istəyər ki, başlanğıç yaxşı olsun. Azərbaycan millisi hər birimizin komandasıdır və bu barədə çox danışmaq olar. İnşallah, xeyir verə biləcək kim varsa, onu da təyin edərlər. Düşünürəm ki, əcnəbi və ya yerli məşqçinin fərqi yoxdur. Dediyim kimi, kim daha faydalı olacaqsa, o da gəlsin.