Mövsümün qış fasiləsində baş məşqçi postunda dəyişiklik edən “Səbail” Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə Polşa təmsilçisi “Legiya” ilə heç-heçə (2:2) edib.
Bakı klubunun sükanı arxasında qeyri-rəsmi debüt edən yeni baş məşqçi Şahin Diniyev “Report”a müsahibəsində komandasının hazırlığını dəyərləndirib.
- Türkiyədəki təlim-məşq toplanışında keçirdiyiniz ilk yoxlama görüşündə “Legiya” ilə qollu bərabərə qaldınız. Sərgilənən oyun və nəticə ürəyinizcə oldu?
- Təlim-məşq toplanışında sırf bu oyun üçün hazırlaşmamışdıq. Komandanın öz planları var, buna uyğun çalışmaları davam etdiririk. İlk həftədə fiziki hazırlığa üstünlük verdik ki, futbolçuları istədiyimiz performansa çatdıra bilək. Fiziki və funksional hazırlıq qaydasında olanda taktika və texnikanı meydançada göstərmək daha rahatdır. “Legiya” ilə oyun günü də səhər məşqimiz olmuşdu. Yorğunluq, yüklənmə fonunda matç keçirdik. Buna baxmayaraq, futbolçularımdan razı qaldım.
- Güclü rəqiblə görüşdə komandanın potensialı daha aydın görünür. Yeni baş məşqçi kimi, ilk matça əsasən nə kimi çatışmazlıqları aşkara çıxardınız?
- Həqiqətən də, komandanın potensialına, futbolçuların nəyə qadir olduqlarına bu görüşdə baxmaq olardı. Yüksək keyfiyyətə malik güclü rəqib önündə həm mənfi, həm müsbət cəhətlərimizi görmək baxımından önəmli qarşılaşma idi. Əlbəttə ki, belə oyunda böyükhesablı məğlubiyyət futbolçuları psixoloji cəhətdən “sındıra” bilərdi. Bir sözlə, təhlükəli sınaq idi. Ancaq komanda meydançada tapşırıqlarımı, istədiyim oyun üslubunu yerinə yetirməyə çalışdı. Hesab 2:2 olsa da, qalib gələ bilərdik. Ümumilikdə başabaş mübarizə getdi. Bizim şansımız daha çox idi. Çünki hesabda öndə idik və 90+3-cü dəqiqədə qol buraxdıq. 23 futbolçunun hamısına, hətta ən gənc qapıçımız Sadiq Məmmədzadəyə də şans verdik.
- Polşa mətbuatı və “Legiya” düşərgəsində oyunun hakimliyindən ciddi şəkildə narazılıqlar var. “Legiya”nın qolunun sayılmadığını, qapılarına haqsız penalti verildiyini iddia edirlər. Siz hakim idarəçiliyindən məmnun qaldınız?
- Polşalıların nə dediyi mənim üçün önəmli deyil. Əsas komandamın sərgilədiyi oyun idi. “Legiya” kimi titullu, güclü komandanın Azərbaycan çempionatının sonuncu pilləsində qərarlaşan rəqiblə heç-heçə etməsini polşalıların nə məşqçiləri, nə futbolçuları, nə də jurnalistləri həzm edə bilirlər. Bunu da başa düşmək olar. O ki qaldı hakimdən narazılığa, hesabda öndə olan tərəf biz idik. Hansı ki, son dəqiqədə qol buraxdıq. Lehimizə verilən penalti epizodunda isə referi tam haqlı qərar çıxardı. Polşalılar çox şey deyə bilərlər. Böyük klub kiçik komandanı uda bilmədikdə nəyisə səbəb göstərməlidir. Bu, hakimlik də ola bilər, hava şəraiti də. Hətta bəzi epizodlarda “Legiya”nın cərimə meydançası həndəvərində rəqib futbolçular kobud oynasalar da, hakim görüşü dayandırmadı. Oyuna baxsanız, tam başqa mənzərənin şahidi olarsınız. “Legiya”nın mətbuat xidmətinin paylaşdığı videoya da baxın, bizim paylaşdığımıza da. Hər komanda özünə sərf edən formada videolar yerləşdirir. Bu da normaldır. Çünki mətbuat xidməti çalışdığı kluba xidmət edir. “Legiya”nın paylaşdığı videoda bizim ancaq qollarımız göstərilib, ancaq qaçırılan şanslarımız yoxdur. Biz də bunun əksini edərdik. Belə video ictimai rəy formalaşdırır.
- “Qarabağ”ın futbolçusu Marko Veşoviç sabiq komandası “Legiya”nın düşərgəsini ziyarət edərkən Polşa mətbuatına açıqlamasında “Səbail”i Azərbaycanın ən zəif komandası adlandırıb. Sizcə, bir oyunçunun belə bir açıqlama verməsi nə dərəcədə düzgündür?
- Həyatda hər şey faktlara bağlanır. Bu gün Premyer Liqanın turnir cədvəlində son sıradayıq. Ən yaxşılardan olduğumuzu deməyimiz üçün gərək yuxarı pillələrdə olaq. Bu cür açıqlamadan sonra “Legiya” kimi top-komandanın “Səbail”ə qalib gəlməməsi polşalıları qıcıqlandırır. Veşoviçin dedikləri həqiqətdir. Əgər komanda axırıncı yerdədirsə, deməli, ən zəiflərdən biridir. Ancaq “Legiya” ilə matçda bunun əksini göstərə bildik. Heç də ən zəif komanda kimi oynamadıq. Hər rəqib “Legiya” ilə bu cür oynaya bilməzdi.
- Mövsümün ikinci yarısının startına qədər arzuladığınız oyun səviyyəsinə çata biləcəksiniz?
- Deməzdim ki, yüz faiz hazırıq. Amma “Legiya” ilə matçda istədiklərimi meydanda görə bildim. Bu yöndə ilk addımlarımızı atdıq. Belə rəqiblə oynamaq çox çətindir, çünki arzuladığın hər şeyi həyata keçirə bilmirsən. Futbolçuların potensialını görmək baxımından Polşa klubu ilə oynamaq mənim üçün xoş oldu. Ancaq bu hələ başlanğıcdır, üzərimizdə işləməliyik.
- Qış fasiləsində neçə transfer reallaşdıracağınızı müəyyənləşdirmisiniz?
- Bu qarşılaşma həm də o mənada vacib idi ki, hansı mövqedə çatışmazlığımız olduğunu görüm. Elə də çox problemlərimiz yoxdur. Rəqabət baxımından bir mövqenin gücləndirilməsinə ehtiyacımız var. Cinah vingerimiz Ruslan Hacıyevin zədə ucbatından kənarda olması bizə gələcəkdə problem yarada bilər. Güclənsək, yaxşı olar. Ancaq heç kimi almadan da yolumuza davam edə bilərik. Klubda bu yöndə işlər gedir. Türkiyədəki toplanış zamanı transfer çalışmalarını yekunlaşdırmaq istəyirik. Çünki Bakıya qayıtdıqdan sonra kimisə heyətə cəlb etmək artıq çətin olacaq. Bundan əlavə, komandadan da heç kəs ayrılmayacaq. İndiki durumda seçim aparmaq çox çətindir. Qış fasiləsində yaxşı oyunçu tapmaq asan deyil. Bu da işimizi ləngidir.