Şahin Diniyev: "Hər iki komanda qələbəyə yaxın idi"

Şahin Diniyev: "Hər iki komanda qələbəyə yaxın idi" "Oyun çox maraqlı və sürətli keçdi. Hər iki komanda qələbəyə yaxın idi. Sadəcə, biz şansımızdan istifadə edə bildik".
Futbol
31 Yanvar , 2023 21:58
Şahin Diniyev: Hər iki komanda qələbəyə yaxın idi

"Oyun çox maraqlı və sürətli keçdi. Hər iki komanda qələbəyə yaxın idi. Sadəcə, biz şansımızdan istifadə edə bildik".

"Report"un məlumatına görə, bunu "Səbail" komandasının baş məşqçisi Şahin Diniyev evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə yaxşı oynasalar da, fasilədən sonra qonaqlar təzyiqi artırıblar: "Nəticədə biz komapakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks hücumlarda tutmaq istəyirdik. Planımız alındı. Komandada bir az ruh düşkünlüyü var. Çoxdandır qələbə qazanmadığı və sonuncu yerdə olduğu üçün komandanın üzərində yük, psixoloji gərginlik hiss olunur. Bu ab-havadan çıxmaq üçün bir qalibiyyət lazım idi. Şükürlər olsun ki, istədiyimiz qələbəni qazandıq".

O, "Səbail"in ciddi uğurlar qazanacağına inandığını bildirib: "Bəlkə də yeganə məşqçiyəm ki, hər yerdən özüm istefa verib getmişəm. Görsəm ki, xeyir verə bilmirəm, o zaman gedirəm. Məşqçilik çox çətin işdir. Ciddi uğur dedikdə, bizim iki yolumuz var: axırıncı yerdən qurtulmaq və kubokda irəli getmək. Bu komandaya, futbolçulara inanıram. İtkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun, Ruslan Hacıyevin olmaması çətinlik yaradır".

Diniyev "Öz oyun üslubunuzda Rafael Beniteslə uyğunluq görürsünüz" sualına belə cavab verib: "Onunla bir yerdə adımın çəkilməyi mənim üçün utancdır. Onlar böyük mütəxəssislərdir. Bizim bu gün Pep Qvardiolanın, Joze Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır. Mənim öz fəlsəfəm var. Oyunum müdafiədən hücuma keçmək üzərində qurulub. Hücumları daha çox cinahdan yaratmağa çalışıram. Bu gün də bunlar alınırdı".

Baş məşqçi oyunda zədələn və xəstaxanaya aparılan Kizito Luvaqanın durumuna da toxunub: "Menecerimizdən məlumat aldım, durumu normaldır. MRT müayinəsindən keçəcək. Yəqin ki, növbəti matçda oynayacaq".

Mütəxəssis matçdan sonra azarkeşlər arasında bir nəfərin bışaqlanması ilə baş vermiş insidentə də münasibət bildirib: "Hadisədən xəbərim oldu. Amma stadionun içində olmayıb. Biz demokratik ölkədə yaşayırıq. Dərəbəylik deyil. Belə şeylər olmamalıdır. Futbol meydançada bitməlidir".

Son xəbərlər

Orphus sistemi