“Sabah”ın ispaniyalı futbolçusu: “Azərbaycan çempionatı daha yaxşı ola bilər” – MÜSAHİBƏ

“Sabah”ın ispaniyalı futbolçusu: “Azərbaycan çempionatı daha yaxşı ola bilər” – MÜSAHİBƏ "Komanda yoldaşlarım arasında oruc tutanlar var"
Futbol
6 Aprel , 2023 12:50
“Sabah”ın ispaniyalı futbolçusu: “Azərbaycan çempionatı daha yaxşı ola bilər” – MÜSAHİBƏ

“Sabah”ın ispaniyalı futbolçusu Con İrasabal 2016-cı ildə – 20 yaşında peşəkar futbolda ilk addımlarını atıb.

Mərkəz müdafiəçisi ölkəsində bir neçə aşağı liqa təmsilçisində çıxış edib. “Vitoriya”, “Mirandes”, “Leioa”, “Amorebieta” kimi komandaların formasını geyinən İrasabal 2022-ci ilin yayında ilk dəfə legioner həyatı yaşamaq qərarına gəlib və “Sabah”a keçib.

Bakılılarla birillik müqavilə imzalayan 27 yaşlı futbolçu çox keçmədən bu müddəti daha bir il uzadıb.

Cari mövsüm Premyer Liqada keçirdiyi 24 oyunda 1 qol, 1 qırmızı vərəqə ilə yadda qalan Con İrasabal “Report”un suallarını cavablandırıb.

- İlk olaraq Premyer Liqanın XXVIII turunda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub etdiyiniz oyunu dəyərləndirərdiniz...
- Çətin oyun oldu. “Qəbələ” matç ərzində çox pressinq tətbiq edirdi ki, bu da bizə çətinlik yaradırdı. Qarşılaşmanın gedişində hesabda geri düşsək də, sonradan geridönüş edib, 3 xal qazanmağı bacardıq. Qalib gəldiyimizə görə şadam.

- Erkən qol vursanız da, qısa müddətdə ardıcıl iki top buraxaraq, hesabda geri düşdünüz. Birinci hissədəki zəif çıxış nədən qaynaqlandı?
- Bəli, erkən qol vurduq. Lakin bundan sonra rəqibin güclü təzyiqi ilə üzləşdik. Hücumlarımız kombinasiyalı alınmırdı. Bəzi boşluqlar verdik ki, rəqib də bundan yararlandı. Ancaq ikinci hissədə xarakter nümayiş etdirərək, qələbə qazanmağı bacardıq.

- Oyun sona yaxınlaşdıqca məğlubiyyətə yaxın görünürdünüz. Geridönüşə nə təkan verdi?
- Qarşılaşma çətin keçirdi. Lakin komanda olaraq son ana kimi qələbəyə inanırdıq. Çünki bilirdik ki, vəziyyəti xeyrimizə dəyişə biləcək potensialda oyunçulara sahibik. Sonda da istəyimizə çatdıq.

- Hazırda Ramazan ayı olduğu üçün bir çox müsəlman futbolçular oruc tuturlar. Komanda yoldaşlarınızın ac-susuz məşq etmələri, oyuna çıxmaları sizə qəribə gəlmir?
- Hər birimiz insanların dini inanclarına hörmətlə yanaşmalıyıq. Bəli, komanda yoldaşlarım arasında oruc tutanlar var. Düzünü deyim, həmin oyunçularda fiziki baxımdan hər hansı geriləmə müşahidə etməmişəm.

- Avrokuboklara vəsiqəni təmin etməklə minimum vəzifənin öhdəsindən gəldiniz. Maksimum hədəf olan çempionluq şansınızı necə qiymətləndirirsiniz?
- Avrokuboklara vəsiqə ilə bağlı hədəfimizə çatdığımıza görə çox şadam. Ancaq bununla kifayətlənməməliyik. Çempionat hələ bitməyib. Bizi qarşıda 8 oyun gözləyir. İndi yalnız həmin matçlara köklənməliyik. Əsas hədəfimiz hər oyundan maksimum nəticə ilə ayrılmaqdır.

- “Sabah” hazırkı heyəti ilə avrokuboklarda nəyə ümid edə bilər?
- İndidən bu barədə danışmaq üçün tezdir. Əlbəttə, komanda olaraq biz də avrokuboklarda müsbət nəticəyə imza atmaq istərdik. Çətin olacağını bilirik. Ancaq bu istiqamətdə əlimizdən gələni edəcəyik.

- Premyer Liqanın XXIX turunda autsayder “Səbail”lə səfərdə qarşılaşacaqınız. İndidən sizi qalib elan etmək olar?
- “Səbail” həmişə bizə çətinlik yaratmağı bacarır. Bu komanda ilə oyunlarımız adətən asan keçmir. Bu dəfə də istisna olmayacaq. Lakin bu görüşdə də əsas məqsədimiz 3 xal qazanmaqdır.

- İlk dəfədir legioner həyatı yaşayırsınız. Azərbaycanda həm insan, həm də futbolçu kimi hansı təcrübələr qazandınız?
- Mənfi mənada qeyri-adi heç nə yoxdur. Hər ölkənin futbolu fərqlidir. Məsələn, burada oynanılan futbol səndən fiziki cəhətdən daha hazırlıqlı olmağı tələb edir. Azərbaycanda çıxış etdiyim müddətdə buna uyğunlaşmağı bacarmışam. Bundan əlavə, fərqli ölkələrdən, fərqli mədəniyyətlərdən olan insanlarla birlikdə çalışmaq da mənim üçün yenilik idi. Ümumi baxanda bura tez uyğunlaşdım. Azərbaycanda özümü xoşbəxt hiss edirəm.

- İspaniyada dost-tanış sizdən Azərbaycandakı yaşayış və bu ölkənin futbolu barədə soruşanda, hansı cavabı verirsiniz?
- Çempionatla bağlı yaxşı oyunçuların çıxış etdiyi rəqabətli liqa olduğunu deyirəm. Lakin əlavə etməliyəm ki, daha yaxşı ola bilər. Buna daha müasir stadionların tikilməsi, həmçinin, insanların çempionat matçları üçün arenalara cəlb edilməsi kömək ola bilər. Burada olan həyatla bağlı isə Bakının sakit və yaşamaq üçün yaxşı şəhər olduğunu bildirirəm.

Son xəbərlər

Orphus sistemi