"Çox yaxşı oyun alındı. Müsbət məqamlarımız da var idi. Komanda yaxşı intensivlik göstərdi. Vurduğumuz qolu qeyd edərdim. Amma səhvlərimiz də oldu. "Qarabağ" kimi rəqiblərlə matçlarda bu səhvləri etməməliyik".
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis büdcə və oyunçular barədə danışmaq istəmədiyini bildirib: "Fikir verin, mən bura gələndən neçə futbolçu transfer etmişik. 6 oyunluq məğlubiyyət seriyası bizə pis təsir etdi. Amma qışadək lazımi oyunlarda vacib xallar qazandıq".
Qomes uğursuzluğun səbəbini bu cür izah edib: "Siz zarafat edirsiniz? Uduzduğumuz rəqib "Qarabağ"dır. Çempionatın ən yaxşı komandasıdır. Fasilə vaxtı yalnız bir yoxlama oyunu keçirmişik. Fikrimcə, bu gün yaxşı komandaya qarşı pis oynamadıq. Ən yaxşı hücum oyunçularının bizdə olması fikri ilə razılaşmıram. Nəyisə müqayisə edəndə, statistikanın digər tərəfinə də baxmaq lazımdır. 13 tur ərzində kifayət qədər qol imkanlarımız olub, istifadə edə bilməmişik. Mən baş məşqçi kimi onların qapıya zərbələrini daha da yaxşılaşdırmağa çalışıram. Klubun büdcəsini isə bilmirəm".
Qomes heyətlə bağlı eksperiment aparmadığını deyib: "Bu, sizin fikrinizdir, razı deyiləm. Mənim öz ideyam var. Ardıcıl məğlubiyyətlərdən sonra fərqli sistemə keçdik və hələ də bunu saxlayırıq. Sistemlə, üslub eyni şey deyil. İnanıram ki, dəyişiklik effekt verəcək".
Mütəxəssis istefa məsələsinə də toxunub: "Bu cür nəticələr olanda insanın ağlına hər şey gəlir. Klubla danışdıq, davam etməyim məsləhət görüldü. Mənə görə, futbolda faciə yoxdur. Faciə müharibədir. Sadəcə, oyunumuz alınmır".