Bakı. 3 noyabr. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.
"Report" xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram", - deyə AFFA prezidenti vurğulayıb.
O qeyd edib ki, Q.Qurbanov "Qarabağ" klubunun baş məşqçisi postunda və AFFA İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək: "Millinin baza komandası "Qarabağ" olacaq. Əsas oyunçular bu klubda çıxış edir. Ona görə də Qurbanov "Qarabağ"da da qalaraq, işini davam etdirəcək və Premyer Liqadakı bütün klublarla sıx işləyəcək. Düşünürəm ki, bu, işin xeyrinə olacaq. Çox müzakirə oldu və yekdilliklə qərar qəbul olundu ki, Qurban müəllim "Qarabağ"da da qalsın. İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun "Qarabağ" klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədilər".
AFFA prezidentinin sözlərinə görə, Q.Qurbanovla müqavilə 6 illik olacaq: "Biz bu işi proqram şəklində həyata keçirəcəyik. Əcnəbi baş məşqçilərlə adətən hər tsiklin sonunadək müqavilə imzalayırdıq. Bu gün isə açıq deyirəm ki, bu tsiklimiz ən azı 6 il olacaq. Əvvəlcə 2020-ci, sonra 2022-ci, daha sonra 2024-cü il. Bu, böyük hazırlıq prosesinin tərkib hissəsidir. Düşünürük ki, bir sistem qurulmalıdır. Qurban müəllimin qarşısına məsələ qoymuşuq ki, artıq bütün oyunçuların hazırlıq sistemi bir mərkəzdən - AFFA-dan getsin və vahid sistem üzrə olsun".
Müqavilənin şərtlərinə gəlincə, R.Abdullayev deyib: "Bircə şərt var: Vətənə xidmət. Qurban Qurbanov da vətənpərvərdir".