“Azərbaycana qələbə qazanaraq revanşı almaq üçün gedəcəyik”.
“Report”un məlumatına görə, bunu Latviyanın RFŞ klubunun baş məşqçisi Viktor Moroz “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
43 yaşlı mütəxəssis öz meydanlarında uduzmalarına baxmayaraq, hələ də mübarizəni davam etdirəcəklərinə inanır: “Nəticə oyuna görə olmadı. Çünki bizim çoxlu qol şanslarımız oldu. “Sabah” isə üç imkandan ikisini qola çevirdi. Rəqib əks-hücumlarda çox təhlükəlidir. Təəssüfləndiyim məqam odur ki, qol vura bilmədik. Buna rəğmən ümidimizi itirmirik. Zəif komanda olmadığımızı gördük. Çətin görünsə də, şanslarımız var. Hələ heç nə bitməyib”.
Qeyd edək ki, “Sabah”la RFŞ arasında cavab oyunu avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.