"Qəbələ"nin futbolçusu: "Kubokdan avrokublara vəsiqə qazanmaq daha asandır" - MÜSAHİBƏ

"Qəbələ"nin futbolçusu: "Kubokdan avrokublara vəsiqə qazanmaq daha asandır" - MÜSAHİBƏ Bakı. 15 dekabr. REPORT.AZ/ Qəbələnin futbolçusu Təmkin Xəlilzadənin Reporta müsahibəsi
Futbol
226
15 Dekabr , 2018 15:21
Qəbələnin futbolçusu: Kubokdan avrokublara vəsiqə qazanmaq daha asandır  - MÜSAHİBƏ

Bakı. 15 dekabr. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadənin "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının XIV turunda "Səbail" ilə qolsuz heç-heçə etdiniz. Həmin görüşdə qələbə qazanmağınıza nə mane oldu?

- Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Oyunumuz yaxşı alınırdı, qol epizodlarımız da oldu. Ən azı 3-4 dəfə fərqlənə bilərdik, amma alınmadı. Rəqib də yaxşı müdafiə olunurdu. Onların da qol epizodları var idi. Meydana qələbə üçün çıxsaq da, istəyimizə çata bilmədik. Bizdən yuxarıda qərarlaşan rəqiblərlə xal fərqinin daha da artmasını istəmirdik. Qələbə qazana bilmədik, qarşıda kubok oyunlarımız var. Orada yaxşı nəticə əldə etdikdən sonra təlim-məşq toplanışına yollanmaq istəyirik.

- "Səbail"l ilə matçda iki xal itirdiniz, yoxsa bir xal qazandınız?

- Əlbəttə ki, iki xal itirdik. Oyuna yenidən baxanda görmək olur ki, rəqibdən üstün oynadıq. Amma imkanlardan yararlana bilmədik. Qələbə qazana bilmirsənsə, uduzmamalısan. Bəzən bir xalı da müsbət hesab etmək olar.

- Premyer Liqada 14 turdan sonra komandanın çıxışını necə dəyərləndirirsiniz?

- Turnir cədvəlinə baxsaq, vəziyyət ürəkaçan deyil. İtirdiyimiz xallar üçün təəssüflkənirik. Hazırda çox maraqlı və çəkişməli çempionat gedir. Mövsümün ikinci yarısında itirdiyimiz xalları maksimum geri qaytarmağa çalışacağıq. Bunun nə dərəcədə alınıb-alınmamağını zaman göstərəcək. Mövsümün ilk yarısı ürəyimizcə və istədiyimiz kimi olmadı. Belə fikirləşməmişdik. Ən azı ilk "3-lük"də olmaq istəyirdik. Amma alınmadı.

- Hazırda 17 xalla "Sabah"la 4-5-ci yerləri bölüşdürürsünüz. "Qəbələ" bu pilləyə layiqdir?

- Xeyr. Oynadığımız oyuna görə bu yerə layiq deyilik. Heç bir komanda digərindən zəif deyil. Komandalar bir-birindən xal ala bilir. "Sabah" "Qarabağ"dan bir xala ala, "Sumqayıt" isə lider "Neftçi"ni dayandıra bilir. Çempionat maraqlı keçdiyindən sürprizlər gözlənilir.

- Ötən mövsümlə müqayisədə öz çıxışınızdan razısınız? 

- Öz oyunumu dəyərləndirməyi xoşlamıram. Mən oyunuma siz, azarkeşlə və məşqçilər baxır. Deməzdim ki, çox formadayam. Amma çox vaxt 90 dəqiqə meydanda oluram və komandama kömək etməyə, "Qəbələ" üçün ən yaxşısını etməyə çalışıram. Heç vaxt da yerimdə saymıram. Oyundan oyuna daha yaxşı çıxış etmək üçün əlimdən gələni edirəm.

- Ölkə kubokunun 1/4 finalında "Sabah"la qarşılaşacaqsınız. Həmin oyunlar barədə nə deyə bilərsiniz?

- Çox çətin oyuna doğru gedirik. Birinci dekabrın 16-da matçımız evdə olacaq. Hardasa bunu üstünlük hesab etmək olar. Yaxşı imkanımız var ki, azarkeşlərimizin önündə qələbə qazanaq və ikinci matça daha rahat hazırlaşaq. Kubokda iki oyuna görə nəticə bilinəcək. Daha diqqətli olmalıyıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq.

- "Qəbələ" avrokuboklara vəsiqə qazanmaq üçün ölkə kubokunu əsas götürməlidir, yoxsa Premyer Liqanı?

- Sözün düzü, kubokdan avrokublara vəsiqə qazanmaq daha asandır. Biz həm Premyer Liqaya, həm də kuboka ciddi hazırlaşırıq. İkisində də gücümüz hara qədər çatırsa, ora qədər getmək istəyirik.

- "Qəbələ"nin heyəti iki cəbhədə də yaxşı mübarizə aparmağa imkar verir?

- Çox yaxşı heyətimiz var. Heç bir komandadan geri qalmırıq. Qış fasiləsində komandaya yeni oyunçuların cəlb olunacağını bilmirəm. Bizdə olan oyunçular heç bir klublardakından zəif deyil. Ona görə də mübarizə aparmaq olar.

- Qurban Qurbanov yığma komanda ilə yollarını ayırdı. Siz də komandanın üzvüsünüz...

- Bu barədə bizə söz düşməz. Biz də xəbəri mediadan oxuduq. Mənim üçün çox gözlənilməz oldu, çaşqın qaldım. Futboldur, belə şeylər olur.

- Məşqçi dəyişikliyi futbolçularda ruh düşkünlüyü yaradacaqmı? 

- Elə idman növündəyik ki, millidə də, klubda da hər zaman dəyişikliklər olur. Biri gedir və digəri gəlir. Futbolçu da klub dəyişə bilir. Buna öyrəşmişik. Bizim üçün kim olursa-olsun çıxıb eyni işi görürük. İstər Robert Prosineçki, istər Qurban Qurbanov, istərsə də başqası olsun. Bizim işimiz oynamadıq. Qurban Qurbanov bizi tanıyırdı. Yeni gələcək mütəxəssisin isə yerli və əcnəbi olacağını bilmirik. 

Son xəbərlər

Orphus sistemi