"Qəbələ" klubu "Apollon"la matçda baş verənlərə münasibət bildirib

"Qəbələ" klubu "Apollon"la matçda baş verənlərə münasibət bildirib Səbuhi Səfiyarlı: "Kiprli azarkeşlər bayrağımızı yandırmaq istəyirdilər"
Futbol
31 İyul , 2015 13:46
Qəbələ klubu Apollonla matçda baş verənlərə münasibət bildirib

Bakı. 31 iyul. REPORT.AZ/ "Qəbələ" klubu Kipr "Apollon"u ilə futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında baş verənlərə münasibət bildirib. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, kiprli fanatlar Larnakadakı "Antonis Papadopulos" stadionunda keçirilmiş matçda təkcə "Qəbələ" futbolçuları və rəsmilərinə deyil, bütövlükdə Azərbaycana və onun bayrağına qarşı hörmətsizlik ediblər. Klub rəsmisi bildirib ki, artıq ilk dəqiqələrdən yerli fanatlar ingiliscə və türkcə söyüşlər yağdırmağa başlayıblar. Üstəlik, onlar meydana əllərinə keçən yad əşyaları - dəmir pul, plastik qablar və telefon atmağa başlayıblar. İkinci hissənin əvvəllərində isə kiprlilər Azərbaycan bayrağını yandırmaq istədikdə "Qəbələ" rəsmiləri buna imkan verməyiblər: "Biz qapı arxasına tərəf qaçaraq, bayrağımızı yandırmaq istəyənlərə etirazımızı polislər və UEFA nümayəndəsi vasitəsilə çatdırdıq. Düzdür, polislər bayrağın yandırılmasına imkan vermədilər. Amma bayrağımızı fanatlardan almağa cürət etmədilər. Dedilər ki, sayımız azdır, bu qədər azarkeşlə qarşıdurmanın yaranacağından ehtiyatlanırıq".

Oyundan sonra isə "Apollon" və "Qəbələ" nümayəndələri arasında əlbəyaxa dava düşüb. Toqquşma tribunaaltı məkanda paltardəyişmə otağına gedən yolda baş verib. S.Səfiyarlının sözlərinə görə, davada komanda üzvləri ilə yanaşı, klub rəsmiləri də iştirak ediblər. Xoşbəxtlikdən, ciddi xəsarət alan olmayıb: "Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün oldu. Biz isə paltardəyişmə otağında gözləməyə başladıq. Bir müddət sonra qarşılaşmanın qalan 3 dəqiqəlik bölümünün oynanılmasına qərar verildi".

Klub rəsmisi, həmçinin bildirib ki, "Apollon" - "Qəbələ" matçının sonlarındakı toqquşma heç də Cavid Hüseynovun penaltini yerinə yetirməsinin ardından etdiyi jestlə əlaqədar olmayıb: "Bu, oyunboyu yerli fanatların davranışının səlahiyyətli şəxslər tərəfindən cavabsız qalmasının nəticəsi idi".

S.Səfiyarlı baş verənlərlə əlaqədar bəyanat yayacaqlarını və kiprli fanatların hərəkətlərini fotolarla nümayiş etdirəcəklərini açıqlayıb.

Qeyd edək ki, "Apollon" - "Qəbələ" matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Oyunun uzatma dəqiqələrində baş hakimin meydan sahiblərinin qapısına təyin etdiyi penaltidən sonra ara qarışıb. Referi komandaları paltardəyişmə otağına göndərib, matçda 10 dəqiqədən artıq fasilə yaranıb. 

Son xəbərlər

Orphus sistemi