"Qarabağ" mövsümdə ilk dəfə evdə xal itirib

"Qarabağ" mövsümdə ilk dəfə evdə xal itirib Bu, Azərbaycan Premyer Liqasının XIV turunda baş verib
Futbol
19 Dekabr , 2016 11:18
Qarabağ mövsümdə ilk dəfə evdə xal itirib

Bakı. 19 dekabr. REPORT.AZ/ "Qarabağ" futbol komandası Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümündə ilk dəfə ev oyununda xal itirib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, XIV turda "İnter"lə qarşılaşmada baş verib.

Ağdam təmsilçisi meydanı 1 xalla tərk edib – 0:0. Əyalət klubu bunadək cari çempionatın bütün ev oyunlarında qələbə qazanıb. “Neftçi” (3:0), AZAL (6:0), “Zirə” (2:0), “Sumqayıt” (3:0), “Kəpəz” (1:0) və “Qəbələ” (2:1) üzərindəki qələbələr ötən mövsümdən başlayan seriyanın davamı olub.

"Qarabağ" 2015/2016 mövsümünün ikinci yarısında da öz meydanında xal itirməyib. “Xəzər Lənkəran”ı 3:0, “Neftçi” və “Zirə”nin hər ikisini 2:0, “Rəvan”ı 5:1, “Kəpəz”i 4:0, “İnter”i 2:0, “Sumqayıt”ı 1:0, “Qəbələ”ni 2:0 və AZAL-ı 3:0 yenən Qurban Qurbanovun komandası yeni mövsümə 9 matçlıq qələbə seriyası ilə başlayıb.

“Qarabağ”ın “İnter”ə qədərki son ev itkisi 2015-ci ilə təsadüf edib. Dekabrın 19-da “Qəbələ” ilə qollu heç-heçə (1:1) edən ağdamlılar 364 gündən sonra öz meydanında qalib gələ bilməyib. 2016-cı ildəki ilk və yeganə xal itkisinə qədər ardıcıl 15 qələbə qazanan komanda üçün bu, tarixdə 2-ci nəticədir. Əyalət təmsilçisi 1992-1993-cü illərdəki 16 oyunluq qələbə seriyasının 1 addımlığında dayanıb. “Qarabağ”ın indiki nailiyyəti isə Azərbaycan çempionatlarının tarixində 7-ci nəticədir.

Son xəbərlər

Orphus sistemi