"Qarabağ"ın legioneri: "Qolları salto ilə qeyd etməkdən zövq alıram" - MÜSAHİBƏ

"Qarabağ"ın legioneri: "Qolları salto ilə qeyd etməkdən zövq alıram" - MÜSAHİBƏ "Növbəti dəfə də çempion olmağı hədəfləmişik"
Futbol
167
9 Aprel , 2021 13:54
Qarabağın legioneri: Qolları salto ilə qeyd etməkdən zövq alıram - MÜSAHİBƏ
Patrik Andrade

"Qarabağ" klubunun və Kabo-Verde milli komandasının futbolçusu Patrik Andradenin "Report"a müsahibəsi...

- Azərbaycan Premyer Liqasının XXI tur matçında "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdiniz. Nəticə sizin üçün gözlənilməz oldumu və autsayderin belə çıxış edəcəyinizi gözləyirdinizmi?
- Çətin oyun olacağını öncədən gözləyirdik. Bunun əsas səbəblərindən biri görüşün süni meydanda keçirilməsi idi. Həm də bu gün futbol elədir ki, komandalardan biri digərindən, turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, xal ala bilir. Meydanda 22 oyunçu mübarizə aparır və hadisələrin hansı məcraya yönələcəyini bilmək olmur. İstənilən rəqib sizi təəccübləndirmək bacarığındadır. Bütün bunları nəzərə alaraq görüşün çətin keçəcəyini bilirdik. Elə də oldu. Erkən qol buraxmağımız işimizi bir az da çətinləşdirdi. Amma yekunda hesabı bərabərləşdirə və bir xal qazana bildik. Həmin xal bizi vahid lider etdi. İstənilən halda bərabərlik məğlubiyyətdən daha yaxşı nəticədir.

- Penaltini məhz sizin yerinə yetirməyiniz baş məşqçinin tapşırığı idi?
- Komandamızda hər oyundan əvvəl penaltini kimin vuracağı müəyyənləşdirilir. Bu dəfə mənim adım yazılmışdı. Ona görə də penaltini vurmaq mənə həvalə olundu. Hərçənd, qayda pozuntusu Filip Ozobiçə qarşı edildiyindən, topu ona təqdim etdim və təklif etdim ki, özü vursun. Ozobiç isə mənim vurmağımı istədi. Topa yaxınlaşakən, özümdə inam da var idi. Nəticədə zərbə qolla nəticələndi.

- Vurduğunuz qol "Qarabağ"ı liderə çevirdi. Sonuncu dövrə ərəfəsində çempion olacağınıza nə dərəcədə inanırsınız?
- Hədəf və məqsədimiz mövsümün əvvəlindən hər kəsə bəllidir. Bütün qüvvəmizi bunun üçün səfərbər etmişik. Növbəti dəfə də çempion olmağı hədəfləmişik.

- Son zamanlar oyununuzda yüksəliş hiss olunur. Bunu nə ilə əlaqələndirərdiniz?
- Əbəs yerə demirlər ki, futbol kollektiv oyundur. Çıxışlarımın daha yaxşı alınmasında komanda yoldaşlarımın da əməyi var. Onlar da yaxşı oyun sərgiləyirlər. Özümü "Qarabağ"da çox xoşbəxt hiss edirəm. Bir yerdə xoşbəxtsənsə, bu, gördüyün iş zamanı da özünü büruzə verəcək.

- Qolları akrobatik tullanışla qeyd edirsiniz...
- Uzun müddətdir ki, belə qeyd edirəm. Bunu uşaqlıqda öyrənmişəm. Kabo-Verdedə futbola başlayan uşaqlar dəniz kənarına gedir və qumda salto vurmağı öyrənirlər. Demək olar ki, ölkəmdəki futbolçuların hamısı qollarını belə qeyd etməyi bacarır. Bu, bizim üçün normaldır. Artıq uşaqlıqdan hər dəfə qollarımı belə qeyd edirəm. Həmişə bunu etməkdən zövq alıram və belə də davam edəcəyəm.

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqibiniz ötən tur "Neftçi"ni büdrədib. Qarşıdakı oyundan gözləntiləriniz nədir?
- Evdə oynayacağıq. Rəqib çempionatda istənilən komandanı təəccübləndirəcək gücdədir. Xal itirməyə haqqımız yoxdur. Evdə və ya səfərdə maksimum xallar qazanmalıyıq. Əsas məqsədimiz "Sumqayıt"ı məğlub etməkdir.

- "Neftçi" tanınmış futbolçu Keysuke Hondanı heyətinə qatıb. Onun Azərbaycan Premyer Liqasında çıxış etməsi çempionata nə kimi töhfə verə bilər?
- Honda tanınmış futbolçudur. Belə bir oyunçunun Azərbaycan çempionatına gəlişi Premyer Liqanın dünya miqyasında tanınmasına kömək olacaq, yerli çempionata ölkədən kənarda da diqqət artacaq. Bəlkə də daha çox insan Azərbaycan Premyer Liqası haqqında maraqlanacaq. Bir sözlə, belə futbolçuların gəlişi pozitiv hadisədir.

- "Qarabağ"a mövsümün əvvəlində keçmisiniz. Çempionatın səviyyəsi sizi qane edir?
- Premyer Liqanın ən maraqlı xüsusiyyətlərindən biri odur ki, istənilən komanda digərini büdrədə bilir. Hamısının qələbə potensialı var. Bəzən elə olur ki, autsayder lideri məğlub edir. Bu çempionatdakı komandalar arasında mübarizə şəxsən mənim xoşuma gəlir.

Son xəbərlər

Orphus sistemi