“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Krasnodar” klubunda çıxış edən Kadi Borgesin komandaya mümkün qayıdışına münasibət bildirib.
“Report” xəbər verir ki, 51 yaşlı mütəxəssis braziliyalı oyunçu ilə danışıq aparmadıqlarını söyləyib.
Qurbanov onun Rusiya təmsilçisi ilə böyük müqaviləsinin olduğunu vurğulayıb: “Buradan gedən futbolçuların hamısına demişik ki, qapımız üzünüzə həmişə açıqdır. Deyim ki, inşallah, qayıdar, düzgün olmaz. O da böyümək üçün qarşısına məqsəd qoyub. “Qarabağ”da hər şey onun üçün yaxşı idi. Belə variant olsa, "yox" demərik. Hər şeyi gələcək göstərəcək”.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib. O, qış fasiləsində 5 milyon avro müqabilində “Krasnodar”a transfer olunub.