Bakı. 9 iyun. REPORT.AZ/ Qana Futbol Assosiasiyasının prezidenti Kvesi Nyantakyi istefa verib.
“Report” qurumun saytına istinadən xəbər verir ki, o, korrupsiya qalmaqalına görə dövlət başçısı Nana Akufo-Addodan üzr istəyib.
“Diqqətsizlikdən dələduzların qurbanı oldum. Hesab edirdim ki, ölkəyə investisiya yatırmaq istəyən şəxslərlə iş görürəm. Bütün günahı üzərimə götürürəm”, - K.Nyantakyi bəyanatında bildirib.
Qeyd edək ki, iyunun 7-də Qana höküməti ölkənin futbol sektorundakı korrupsiya halları ilə bağlı sənədli filmin nümayişindən sonra milli assosiasiyanı buraxmağı qərara alıb. Filmdə K.Nyantakyinin bir iş adamından 65 min dollar aldığı əksini tapıb.
2005-ci ildən Qana Futbol Assosiasiyasının prezidenti olan K.Nyantakyi FIFA Şurasının üzvüdür. Lakin artıq ali futbol qurumu afrikalı funksioneri 90 gün müddətinə futboldan uzaqlaşdırıb.