PSJ-nin prezidenti: Messi pis insan deyil, amma dedikləri xoşuma gəlmir

PSJ-nin prezidenti: Messi pis insan deyil, amma dedikləri xoşuma gəlmir PSJ futbol klubunun prezidenti Nasser Al-Xelaifi argentinalı hücumçu Lionel Messinin Amerikanın "İnter Mayami" klubuna keçməsindən sonra Fransa komandası ilə bağlı açıqlamalarından təəssüfləndiyini bildirib.
Futbol
10 Yanvar , 2024 08:58
PSJ-nin prezidenti: Messi pis insan deyil, amma dedikləri xoşuma gəlmir

PSJ futbol klubunun prezidenti Nasser Əl-Xelayfi argentinalı hücumçu Lionel Messinin ABŞ təmsilçisi "İnter Mayami"yə keçməsindən sonra Fransa komandası ilə bağlı açıqlamalarından təəssüfləndiyini bildirib.

“Report” xəbər verir ki, onun sözlərini “RMC Sport” yayıb.

“Ona böyük hörmətim var, amma kimsə PSJ haqqında pis danışırsa, bu yaxşı deyil, hörmət adlandıra biləcəyiniz şey deyil. O, pis insan deyil, amma bu mənim xoşuma gəlmir. İstəyirəm ki, hər kəs oyunçu olanda klub haqqında danışsın, ayrılandan sonra yox. Bu, bizim üslubumuz deyil.

Messi tarixin ən yaxşı oyunçusudur. "Barselona"dan uzun illərdən sonra bura gəlmək onun üçün asan olmadı. Orada onun üçün hər şey edildi. Kilian Mbappe burada oynayır və Neymar kimi başqa oyunçular da var idi”, - klub rəhbəri söyləyib.

Messi ötən mövsümün sonunda PSJ-dən ayrılaraq MLS komandası ilə müqavilə imzalayıb. İyunda 36 yaşlı hücumçu Paris komandasında keçirdiyi iki ilin onun üçün çətin keçdiyini bildirib.

Messi “İnter Mayami”yə 2023-cü ilin yayında keçib. Avqustun 20-də argentinalı ABŞ-də ilk dəfə Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. MLS-də hazırda mövsümlərarası fasilədir.

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə tituldur. Hücumçu mundialda keçirdiyi 7 oyunda 7 qol vurub, onlardan dördü penaltidən reallaşıb.

Son xəbərlər

Orphus sistemi