Azərbaycan Premyer Liqasının lideri “Zirə” VII turda üz-üzə gələcəyi “Neftçi”yə qarşı keçirdiyi son 10 səfər oyununda qələbə qazana bilməyib.
“Report”un məlumatına görə, qəsəbə təmsilçisi həmin 10 qarşılaşmanın yalnız 4-də 1 xalla kifayətlənib, digər 6 matçda məğlub olub.
“Zirə”nin “Neftçi Arena”dakı matçlarda məhsuldarlığı da aşağıdır. “Qartallar” qələbəyə həsrət qaldığı bu dönəmdə cəmi 8 dəfə rəqibi meydanın mərkəzinə dəvət edib, özü isə 20 qola üzülüb.
“Neftçi” doğma arenada axırıncı dəfə 6 il əvvəl – 2017-ci ilin məhz sentyabrında bu rəqibinə uduzub. Maraqlıdır ki, 2015-ci ildən Premyer Liqada mübarizə aparan “Zirə” “Neftçi” ilə ilk 5 səfər görüşündə 3 qələbə qazanıb, 2 heç-heçəyə imza atıb. Sonuncu belə uğur da 6 il öncəyə təsadüf edib.
Ümumiyyətlə, bu komandalar Premyer Liqa tarixində 30 dəfə üz-üzə gəliblər. Burada üstünlük “Zirə”yə məxsusdur – 12 qələbə, 8 heç-heçə, 10 məğlubiyyət. Ancaq top fərqi “ağ-qaralar”ın xeyrinədir – 34:29.
2022/2023 mövümündə baş tutan 4 duelin 3-də hesabına 3 xal yazdıran “Neftçi” son matçda bərabərliyə razılaşıb. Yəni “Zirə” 4 matçdır – konkret olaraq 1 il 4 aydır “Neftçi”ni üstələməyi bacarmır.
Qeyd edək ki, sentyabrın 23-də “Neftçi Arena”da keçiriləcək görüş saat 20:30-da başlayacaq. Hazırda “Zirə” 15 xalla turnir cədvəlinə başçılıq edirsə, “Neftçi” 8 xalla altıncı pillədə qərarlaşıb.