Premyer Liqa: Samir Abasov "Sumqayıt"ı yubiley oyununa çıxarıb

Futbol
  • 13 fevral, 2023
  • 10:38
Premyer Liqa: Samir Abasov Sumqayıtı yubiley oyununa çıxarıb

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov komandanı 100-cü dəfə çempionat oyununa çıxarıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XXII turuna təsadüf edib. 45 yaşlı mütəxəssis "Şamaxı" ilə ev matçınadək (1:0) "gənclik şəhəri" təmsilçisini ölkə çempionatında 99 sınağa çıxarıb.

O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın sükanı arxasında olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.

Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.