"Nə edəcəyimizi yaxşı bilirik. İlk növbədə, qrupu birinci sırada bitirməliyik".
"Report"un məlumatına görə, bunları Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş yerli federasiyanın rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
66 yaşlı mütəxəssis qrupda sürprizlərin ola biləciyini istisna etməyib: "Odur ki, ehtiyatlı olmalı və rəqibləri yaxşı analiz etməliyik. AVRO-2020-nin seçmə mərhələsində oxşar problemlə üzləşdik. Həm Serbiya, həm Ukrayna ilə matçlarda xal itirdik və vəziyyəti qəlizləşdirdik".
Oyunların 2021-ci ilin martında başlayacağını söyləyən mütəxəssis seçmə mərhələyə ciddi hazırlaşmalı olduqlarını vurğulayıb. Santuş qrupdakı ən çətin rəqibin Serbiya olduğunu deyib: "Bu yığmanın heyətində Avropanın müxtəlif klublarında çxış edən elit səviyyəli futbolçular var. Onlarla qış aylarında qarşılaşmaq istəməzdik. Çünki səfər matçında hava şəraiti və meydan amili əleyhimizə olacaq. Bu isə futbolçularımızın çıxışına mənfi təsir edəcək".
Təcrübəli mütəxəssis Azərbaycan millisi barədə də danışıb: "Bəzi rəqiblərlə az oynasaq da, onları yaxşı tanıyırıq. Bu isə analizlərdə bizə kömək edə bilər. Məsələn, mən Azərbaycana səfərin tezliklə olmasını istəyirəm. Dünya çempionluğuna əsas namizədlərdən biri olmaq istəyiriksə, bu mərhələni keçməliyik".
Qeyd edək ki, Portuqaliya yığması Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycan millisi ilə birlikdə A qrupunda yer alıb.