UEFA Avropanın 50 istedadlı gənc futbolçusunun
"Report"un məlumatına görə, siyahıya Azərbaycanın U-21 millisinin və "Sabah" klubunun yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü də düşüb. Hazırda "Feyenoord" komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi Niderlandın U-19 yığmasının üzvü olub. O, hazırda Türkiyənin əsas millisinə dəvət alır və Rotterdam klubu ilə müqaviləsini 2025-ci ilədək uzadıb.
Siyahıdakı daha bir türk futbolçu "Altınordu"nun yetirməsi Ravil Tahirdir. Hazırda "Başakşehir"də çıxış edən 17 yaşlı müdafiəçi Türkiyənin U-21 yığmasının da üzvüdür.
Türk əsilli Yusuf Demir isə 17 yaşındadır. O, doğulduğu Avstriyanın ən perspektivli oyunçusu sayılır. Vyana "Rapid"ində çıxış edən Demir bu mövsüm Avropa Liqasında qol vurmağı da bacarıb.
Qeyd edək ki, siyahıda Gürücüstanın U-21 yığmasının və "Lokomotiv" (Tbilisi) komandasının qapıçısı Georgi Mamardaşvili də var. Ən məşhur sima isə italiyalı Paolo Maldininin oğlu və Çezare Maldininin nəvəsi Daniel Maldinidir. O, "Milan"da ailəvi ənənədən fərqli mövqedə - hücumameylli yarımmüdafiəçi qismində çıxış edir. 19 yaşlı oyunçu bu mövsüm Avropa Liqasında, ötən mövsüm isə İtaliya A Seriyasında debüt edib.