Orxan Məmmədov: “Gələcəkdə bütün Premyer Liqa klublarının minifutbol komandaları olacaq” - MÜSAHİBƏ

Orxan Məmmədov: “Gələcəkdə bütün Premyer Liqa klublarının minifutbol komandaları olacaq” - MÜSAHİBƏ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədovun “Report” İnformasiya Agentliyinə müsahibəsi
Futbol
5 May , 2023 12:00
Orxan Məmmədov: “Gələcəkdə bütün Premyer Liqa klublarının minifutbol komandaları olacaq” - MÜSAHİBƏ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədovun “Report” İnformasiya Agentliyinə müsahibəsi

- Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ölkə üzrə bütün sahələrdə böyük təşkilatçılıq və tədbirlər planı həyata keçirilir. Hazırda davam edən minifutbol üzrə Beynəlxalq Turnir də bu tədbirlərə öz mükəmməl töhfəsini verəcək. Ümumiyyətlə, müasir Azərbaycan idmançılarının bu gün əldə etdikləri nailiyyətləri, olimpiya hərəkatındakı uğurlarımızı vaxtı ikən Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının, strategiyanın nəticəsi adlandırmaq olarmı?
- Tamamilə düzgün vurğuladınız. Bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər olacaq. Biz də özümüzə borc bildik ki, AMF olaraq bir turnir təşkil edək və onu Beynəlxalq Turnir adlandıraq. Müxtəlif ölkələri dəvət etdik, Beynəlxalq Minifutbol Federasiyası (WMF) ilə danışıqlar apardıq, onlar da bu ideyanı dəstəklədilər. Nəticədə artıq turnir başlayıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu turniri keçiririk. Artıq yarışa start verilib və biz gərgin mübarizənin şahidi oluruq. Minifutbol Federasiyasını yaradanda, xüsusilə, Avropa çempionu olandan sonra istədik ki, biz də hansısa bir turnirə ev sahibliyi edək. Əlamətdar haldır ki, bu da məhz Ulu Öndərin 100 illik yubileyi ilə bağlı oldu və hazırlığımızı ona görə etdik. İnanıram ki, həm azarkeşlər, həm də minifutbol həvəskarları üçün Avropa çempionlarını doğma divarlar arasında görmək çox xoşdur.

- Hazırda davam edən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə əsas hədəf nədir? Uğur qazanmaqmı, yoxsa milli komandadakı yeni, gənc futbolçuları sınamaqmı?
- Nəzərə alaq ki, burada iki məqam var. Həm biz Avropa çempionu kimi ilk dəfə doğma azarkeşlər önünə çıxırıq, həm də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı turnirində əlbəttə ki, çempion olmağı hədəfləyirik. Təbii ki, bu, bizim üçün çox önəmlidir. Amma bir tərəfdən də nəzərə alsaq ki, yoldaşlıq turniridir, imkanımız olacaq ki, həm də yeni futboçuları sınaqdan keçirək. Yekun olaraq həm nəticə, həm də yeni oyunçuları sınaqdan keçirmək bizim üçün çox önəmlidir.

- Bu turniri yüksək səviyyədə keçirdikdən sonra daha məsul və rəsmi yarışlar üçün yol açılacağını düşünmək olarmı? Məsələn, dünya və ya Avropa çempionatı, Çempionlar Liqası...
- Məqsədimiz də məhz odur. Avropa çempionu olduqdan sonra həm WMF, həm də EMF (Avropa Minifutbol Federasiyası) ilə danışıqlar apararaq qarşı tərəfin əhvali-ruhiyyəsini öyrənmək istəyirdik. Şəxsən mən özüm də bir neçə dəfə danışıqlar aparmışam. WMF prezidenti də buradadır. Turnirdə iştirak etdi, həm də açılış nitqini söylədi. Bu günlər ərzində onunla bir neçə görüş keçirəcəyik və mövzulardan biri də dünya və Avropa çempionatlarını Bakıda təşkil etmək olacaq. Danışıqlardan asılı olaraq hansısa birini edəcəyik. Bizim istəyimiz və kifayət qədər şəraitimiz var. Ölkəmiz dəfələrlə beynəlxalq idman tədbirlərini qəbul edib. WMF prezidenti Bakıda olarkən “Formula 1” yarışlarında iştirak etdi və Azərbaycan Qran-prisinin necə keçirildiyini gördü. Bu səbəbdən hesab edirəm ki, biz hansısa bir böyük turniri bir-iki il ərzində ölkəmizdə keçirəcəyik.

- Azərbaycan minifutbolu tarixində qazanılan böyük zəfərdən artıq bir ilə yaxın vaxt keçir. Geridə qalan müddətdə uğurların davamlı olması və yeni nailiyyətlər üçün hansı tədbirlər həyata keçirilib və əsas hədəflər nədən ibarətdir?
- İdmançılar hər zaman deyirlər ki, çempion olmaq daha asandır, nəinki bu imici saxlamaq. Təbii ki, bizdə də elədir. Çempion olduqdan sonra məqsədlərimiz də çox oldu. Əsas məqsəd isə öz statusumuzu saxlamaqdır. Bu il dünya çempionatı olacaq, orda da kifayət qədər yüksək səviyyədə iştirak etmək istəyirik. İkinci hədəfimiz minifutbolun infrastrukturunu yaxşılaşdırmaqdır. Hal-hazırda bu istiqamətdə də işlər gedir. Əsas məqsədlərimizdən biri də budur ki, minifutbol yığmasının bazasını tikək. Bunun üçün artıq yer də ayrılıb. Müəyyən hazırlıqlardan sonra tikintiyə də başlanacaq.

- Əgər mümkündürsə, ayrılan yerin harda olduğunu deyə bilərsinizmi?
- Bakının Nərimanov rayonunda, Gənclər və İdman Nazirliyinin yaxınlığında, özəl şirkətə aid olan boş ərazidə tikinti nəzərdə tutulub. Artıq icarə müqaviləsi bağlanıb. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müəyyən sənəd toplama işləri gedir. Hesab edirəm ki, bu proses bitdikdən sonra layihənin özünü də mətbuata geniş şəkildə göstərə bilərik.

- Ölkə birinciliyinin hazırkı səviyyəsi, mövcud mübarizə, rəqabət sizi qane edirmi? Çempionatda intriqanı artırmaq, daha da maraqlı hala gətirmək üçün hansısa planlar varmı?
- Çox önəmli məsələlərdən biri də gənc futbolçuların yetişməsidir, xüsusilə hazırda davam edən turnir də ona imkan verir ki, biz millinin heyətində yeni futbolçulara baxaq. Digər əsas məsələ isə ölkə çempionatının təkmilləşdirilməsidir. Bildiyiniz kimi, buna qədərki minifutbol çempionatları həvəskar turnir olaraq keçirilirdi. Biz daha peşəkar səviyyədə bunun hazırlığını gördük və AFFA ilə də danışıqlar aparmışıq ki, böyük futboldakı klublarımız da minifutbol komandası təşkil edib, onları çempionata buraxsınlar. Artıq bir neçə klubun minifutbol komandası indiki ölkə çempionatında iştirak edir. İnanıram ki, bütün Premyer Liqa klublarının gələcəkdə öz minifutbol komandaları olacaq. Hesab edirəm ki, bu, çox önəmlidir. Çünki inkişaf üçün kütləvilik əsasdır. Artıq minifutbolda kütləvilik var. Bir çox yerlərdə minifutbol meydançaları fəaliyyət göstərir. Peşəkar olmaq istəyən həvəskar futbolçular da olduqca çoxdur.

- Minifutbolda aşağı yaş qrupları üçün hansısa bir strategiya, tədbirlər planı varmı?
- Minifutbol həmişə qeyri-peşəkar idman növü olub. İnsanlar əsasən öz asudə vaxtlarını bu idman növündə keçirirdilər və ya peşəkar idmançılar öz karyeralarını başa vurduqdan sonra orada oynayırdılar, yaxud adi idmanla məşğul olanlar da minifutbol da oynayırdılar. Dünya səviyyəsində də biz bunları müşahidə edirdik. Amma WMF yarandıqdan sonra bu idman növünə başqa gözlə baxılmağa başlandı. Müxtəlif ölkələr federasiyalar yaratdılar. Eyni hal bizim ölkədə də yaşandı. Biz federasiya yaratmağa başlayanda təkcə Bakıda otuzdan çox minifutbol meydançası var idi. Ona görə də biz federasiyanı yaratmaq üçün çətinlik çəkmədik. Çünki artıq infrastruktur var idi. Milliyə oyunçular yığmağa başlayanda keçmiş peşəkar futbolçulara, futzalçılara, çimərlik futbolçularına müraciət etdik. Təbii ki düşünürük ki, peşəkar səviyyədə uşaq minifutbolunun olması da vacibdir. Qeyd etdiyim kimi, danışıqlar aparırıq, bu danışıqlarda əsas şərtlərdən biri də uşaq minifutbol komandasının yaradılmasıdır. Hesab edirəm ki, tez bir zamanda hər bir klubun böyük minifutbol komandaları kimi, bir neçə yaş qrupu üzrə uşaq minifutbol komandaları da olacaq.

- Əsas işinizlə yanaşı, həm Azərbaycan Minifutbol Federasiyasına, həm də “Zirə” Futbol Klubuna rəhbərlik edirsiniz. Eyni vaxtda fərqli sahələrdə fəaliyyət göstərmək çətinlik yaratmır?
- Bilirsiniz ki, mən Minifutbol Federasiyasının fəxri prezidenti, bu federasiyanı yaradan şəxslərdən biriyəm. “Zirə” Futbol Klubunun isə Müşahidə Şurasının sədriyəm. Hər iki sahəyə mən gün ərzində bütünlüklə vaxtımı həsr etmirəm. Həm federasiyanın, həm də klubun prezidenti, idarə heyəti var. Onlar gündəlik işlərlər məşğul olurlar. Mənimlə isə zəruri hallarda, strateji qərarlar verilən zamanlarda məsləhətləşirlər. Mənim gündəlik işimə gəlincə, bilirsiniz ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədriyəm. Günümün çox hissəsini ona sərf edirəm. O ki qaldı müxtəlif idman növlərinə, xüsusilə də qaydalara baxsaq, görərik ki, çox fərqlilik var, amma futbola olan sevgimi nəzərə alaraq, hər iki işin mənim üçün maraqlı olduğunu deyə bilərəm. Çalışırıq ki, həm mini, həm də böyük futbolda ali məqsədlər uğrunda mübarizə aparaq.

- “Zirə” Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqovun müqaviləsi mövsümün sonunda başa çatır. Onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar varmı, yoxsa bu, yekundakı nəticədən asılı olacaq?
- Bəli, demək olar ki, danışıqlar gedir. Siz yəqin ki, “Zirə” Futbol Klubunun fəaliyyətini izləyirsiniz və görürsünüz ki, biz məşqçi seçiminə səbirlə, təmkinlə yanaşırıq. Mövsümün əvvəlində hansısa məqsədlər qoyulur, nəticəyə doğru irəliləyirik. Mövsümün sonunda isə qoyulan məqsədlərin alınıb-alınmamağından asılı olaraq danışıqların istiqaməti bəlli olur. Bu mövsüm də biz eyni yanaşma edəcəyik.

- Klub olaraq əsas məqsədiniz nədir bəs?
- Bir neçə mövsümdür ki, bizim məqsədimiz avrokuboklarda mübarizə aparmaqdır. Təəssüflər olsun ki, hələ böyük məqsədlər – çempionluq uğrunda mübarizə apara bilmirik. Azərbaycan Premyer Liqasında komandaların sayı az olsa da, maraqlı və gərgin mübarizə gedir. Biz öz büdcəmizə də qənaətbəxş yanaşırıq. Daha yüksək yerlər uğrunda mübarizə aparmaq çətin olur. Ötən mövsümə nəzər yetirsək, görərik ki, yetərincə uğurlu nəticə əldə etdik. Ölkə çempionatında üçüncü olduq. Azərbaycan Kubokunda finala çıxdıq və burada “Qarabağ” kimi güclü rəqibə qarşı mübarizə apardıq. Oyunda məğlub olmadıq, yalnız penaltilər seriyasında kuboku əldən verdik.

Hesab edirəm ki, keçən mövsüm baş məşqçi Rəşad Sadıqovun işi yetərincə uğurlu idi. Bu mövsüm hələ bitməyib. Hazırda avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq. “Zirə” klubunun rəhbərliyi olaraq məşqçidən razıyıq. İstərdik ki, onun təcrübəsi bizim komandamıza və ölkə futboluna illər uzunu xidmət etsin.

Son xəbərlər

Orphus sistemi