Samir Abasov "Neftçi" klubunun baş məşqçi postunu tərk edib.
"Report"un məlumatına görə, bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub.
"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev klub televiziyasına bildirib ki, müqaviləsi bitən Samir Abasova yeni sözləşmə təklif olunmayıb. Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də baş tutacaq növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək konkret namizəd müəyyənləşəcək.
Yeni baş məşqçinin əcnəbi olacağı açıqlanıb. O, iki nəfər arasından danışıqlar aparıldıqdan sonra seçiləcək.
Allahverdiyev Abasovun göndərilməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, 44 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında qarşısına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirsə də, Azərbaycan Kubokunu qazanmaq vəzifəsinin öhdəsindən gələ bilməyib. O, eyni zamanda futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb.
"Neftçi"nin ikinci komandasına rəhbərlik isə Rəşad Abdulllayevə tapşırılıb. O, yeni vəzifədə Mahmud Qurbanovu əvəzləyib. Qurbanov daha əvvəl "Səbail"ə baş məşqçi təyin olunub.
Komandanın növbəti mövsümə hazırlığı iyunun 15-dən başlanacaq. Yay toplanışının birinci mərhələsi Bakıda, ikinci mərhələsi Türkiyədə olacaq.
"Neftçi" Futbol Akademiyasına rəhbərlik də əcnəbi mütəxəssisə tapşırılacaq. Müşahidə Şurasının iclasında Akademiya binasının yeni mövsümün sonunadək tam başa çatdırılmasının vacibliyi vurğulanıb.