"Neftçi"nin rəqibi Bakıya ardıcıl ikinci məğlubiyyətlə gəlir
- 28 iyul, 2019
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Arsenal" komandası Rusiya Premyer Liqasında ilk məğlubiyyətlə üzləşib.
"Report" xəbər verir ki, Tula komandası III turda evdə "Rostov"a uduzub - 2:3.
Hesabı 21-ci dəqiqədə qonaq komandadan Roman Yeryomenko açıb. 49-cu dəqiqədə Aleksey İonov "Rostov"un növbəti qolunu vurub. 67-ci dəqiqədə Yevgeni Lutsenko fərqi azaltsa da, 81-ci dəqiqədə Eldor Şomurodov qonaqları üçüncü dəfə sevindirib. 90+4-cü dəqiqədə "Arsenal"ın oyunçusu Qoran Çauşiç yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra "Rostov" 7 xalla 2-ci pilləyə yüksəlib. 4 xala malik "Arsenal" isə hələlik 8-cidir.
Bu, "Arsenal"ın cari mövsümdə ardıcıl ikinci məğlubiyyəti olub. "Topçular" iyulun 25-də Tulada "Neftçi"yə yeniliblər - 0:1. Azərbaycan təmsilçisi ilə cavab görüşü avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.