"Neftçi"nin qapıçısı: "Bir səhvə görə insana bu qədər yüklənmək olmaz"

"Neftçi"nin qapıçısı: "Bir səhvə görə insana bu qədər yüklənmək olmaz" "Neftçi"nin qapıçısı Aqil Məmmədovun "Report"a müsahibəsi
Futbol
23 Fevral , 2021 11:35
Neftçinin qapıçısı: Bir səhvə görə insana bu qədər yüklənmək olmaz
Aqil Məmmədov

"Neftçi" futbol komandasının qapıçısı Aqil Məmmədovun "Report"a müsahibəsi

- Premyer Liqanın XVI turunda "Qəbələ"ni son dəqiqə qolu ilə məğlub etdiniz. Həmin görüş barədə nə deyə bilərsiniz?
- "Qəbələ" ilə oyunda əsas heyətin 5 üzvü yox idi. Bir az çətinlik çəkdik. Qarşılaşma bizim üçün çox ağır keçdi. Hətta gözlədiyimizdən də ağır matç oldu. Amma son dəqiqədə vurduğumuz qolla qələbə qazana bildik. Buna görə şadıq.

- Həmin görüşdə qələbəyə layiq idiniz?
- Əlbəttə. Komandamız əziyyət çəkdi, vuruşdu və sona qədər döyüşdü. Son dəqiqədə də olsa, qələbə qolunu vurduq. Məncə, həqiqətən də qələbəyə layiq idik.

- Oyunda rəqib futbolçu Asif Məmmədovla toqquşdunuz. Zədələnsəniz də, davam etdiniz. Hazırda durumunuz necədir?
- Həmin anda toqquşmamız ağır oldu. Ayağımın arxa əzələsinə zərbə dəydi. Bu da ciddi xəsarət idi. Oyuna davam etməyə bilərdim. Həkimlərin səyi nəticəsində oynadım. Hazırda yaxşı durumdayam, məşqlərimə davam edirəm. Baş məşqçi şans versə, növbəti görüşdə də oynaya bilərəm.

- Qələbədən sonra liderliyinizi bir az da möhkəmləndirdiniz. Əsas rəqibiniz "Qarabağ"dan 3 xal öndəsiniz. İrəlidə olmaq sizə hansısa təzyiq yaradır?
- Bu il komandamız həqiqətən çox yaxşı çıxış edir. Bundan əlavə, çempionat da maraqlı və gərgin keçir. Üç xal irəlidə olmaq bizi rahatlaşdırmır, əksinə, daha da məsuliyyətli edir. Liderlik rahat olmaq anlamına gəlməməlidir. Heç nəyi həll etməmişik, hələ qarşıda çox oyunumuz var. Çalışacağıq ki, bundan sonra da daha yaxşı nəticələr əldə edək.

- "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə məğlubiyyəti ədalətli nəticə hesab etməyib, hakimlərin bəzi epizodlarda sizin lehinizə səhv qərarlar verdiyini söyləyib. Bəs özünüz necə düşünürsünüz?
- Sizin vasitənizlə Elmar müəllimi təbrik etmək istəyirəm. Ona görə təbrik edirəm ki, çox yaxşı və mübariz komanda yaradıb. Çempionatda gözəl oyun nümayiş etdirirlər. Bunlar Elmar müəllimin fikirləridir. Onun dediklərinə hörmətlə yanaşıram.

- Səlahət Ağayev Azərbaycan Kubokunun 1/4 finalında "Zirə"yə 0:1 hesabı ilə uduzduğunuz ilk görüşdə səhv edəndən sonra əsas heyətdə çıxdığınız oyunlarda daha inamlı təsir bağışlayırsınız. Sanki, o məğlubiyyətdən sonra sübut etmək istəyirsiniz ki, "Neftçi"nin bir nömrəli qapıçısı özünüzsünüz...
- Mən kiməsə nəyisə sübut etmirəm. Ümumiyyətlə bizim komandada elə şey yoxdur. Kamran İbrahimov, Səlahət Ağayev və mən. Üçümüzdə də özümüzü sübut etmək kimi bir hiss oxdur. Baş məşqçi Samir Abasov komandaya istək və ruh verib. Bunun qarşılığında verilən şansdan maksimum yararlanmağa çalışırıq. Bizim üçün bir nömrəli qapıçı söhbəti yoxdur. Komandanın üç qapıçısı var, üçü də bir nömrədir.

- Sabir Abasov kubokda Səlahət Ağayevə şans verdi. O isə kobud səhvlə yadda qaldı. Həmin görüşdən əvvəl əsas heyətdəki yerinizin əldən getdiyini düşündünüzmü?
- Biz "Neftçi"nin futbolçularıyıq. Futbol kollektiv oyun tələb edən idman növüdür. Tam səmimiyyətimlə deyirəm: Səlahətin, Kamranın və ya mənim qapıda durması önəmli deyil. Əsas "Neftçi"nin uğurudur. Komandayıqsa, meydana kim çıxıbsa, ona dəstək olmalıyıq ki, uğur qazanaq.

- Səlahət Ağayev kimi belə kobud səhv etdiyinizi xatırlayırsınız?
- Futboldur, bir səhvə görə insana bu qədər yüklənmək olmaz. Səhvi hamı edə bilər. Avropa Liqasında "Qalatasaray"la matçda mən də eyni səhvi etmişəm. Bir səhvə görə insana dəyər, qiymət vermirlər. Səlahətin də futbolda, "Neftçi"nin uğurlarında əziyyəti böyük olub. İnsanın üzərinə bu qədər düşməzlər. Zədədən təzə qayıtmışdı və istər-istəməz çətin olur. O səhvi hamı edə bilər.

- XVII turda səfərdə "Zirə" ilə qarşılaşacaqsınız. Həm kubokdakı o səhvi, həm də məğlubiyyəti unutdurmağa çalışacaqsınız?
- Oyuna qisas hissi ilə hazırlaşmırıq. Normal çempionat matçı kimi hazırlıq keçirik. "Zirə" ilə matçın gərgin və çətin keçəcəyini bilirik. Çünki biz liderliyimizi qorumağa çalışacağıq. Rəqib də evdə oynayır. İstər-istəməz qələbə qazanmağı hədəfləyəcək. Əlimizdən gələn qədər çalışacağıq ki, həm liderliyi qoruyaq, həm də üç xal əldə edək.

- Bu mövsüm "Zirə" "Qarabağ"dan sonra ikinci komandadır ki, sizə daha çox çətinlik yaradır. Rəqibin baş məşqçisi Rəşad Sadıqovun sizə qarşı daha motivasiyalı olduğunu düşünmürsünüz?
- Buna inanmıram. Çünki Rəşad müəllimi tanıyıram. Bilirəm ki, onun özünəməxsus xarakteri var, komandasının uduzmasını istəməz. Düşünürəm ki, "Zirə" özünə görə mübarizə aparacaq.

- "Neftçi" bu mövsüm həsrətində olduğu çempionluğu əldə edə biləcəkmi?
- Hazırda çempionluq haqqında danışmaq çox tezdir. Çünki qarşıda çox oyun var. Bizi nələrin gözlədiyini də bilmirik. "Qəbələ" ilə sonuncu matça nəzər salsaq, görərik ki, neçə oyunçumuz cəza və ya zədə səbəbindən oynamadı. Premyer Liqa davam edir, çempionluqdan danışmaq tezdir. Liderik, birinci pillədəyik və çalışacağıq ki, əlimizdən gəldiyi qədər bunu qoruyub saxlayaq. Ümid edirəm ki, yaxşı olacaq və liderliyimizi sonadək davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi