"Meydana üç xal üçün çıxacağıq".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın XI turunun oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi komandada hər şeyin qaydasında olduğunu bildirib: "Səbail"ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma gözləyir. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir".
Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib: "Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam".
O, "Sabah"ın üç gün əvvəl "Sumqayıt"la II turdan təxirə salınmış oyunda iştirak etməsinə toxunub: "Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə qazanmalıyıq".
Qeyd edək ki, oktyabrın 29-da "Neftçi Arena"da reallaşacaq "Neftçi" - "Sabah" matçı saat 18:30-da start götürəcək.