"Neftçi" klubu qış fasiləsində ölkəsinə yollanan və komandaya gec qoşulan futbolçusu Yusuf Lavalı cəzalandıra bilər.
Bu barədə "Report"a klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
O bildirib ki, 23 yaşlı nigeriyalı yarımmüdafiəçinin gecikmə səbəbi özündən asılı olmayıb: "Lavalın pasportunun vaxtı bitmişdi və onu dəyişməli idi. Ölkəsinə gedən kimi müraciət etmişdi. Sadəcə, Negeriyadakı əngəllər və problemlər Lavalın pasportunu almasını ləngitmişdi. Təbii ki, daxili kodeks əsasında müəyyən addım atıla bilər. Amma belə bir şey olacağı təqdirdə, məsələ klub daxilində qalacaq. Futbolçuların nəyəsə görə cəzalanması barədə ictimaiyyətə məlumat vermirik".
Qeyd edək ki, Yusuf Laval çempionatın ilk yarısından sonra Bakını tərk edib. Bu səbəbdən, Laval qış toplanışını və XIV turda "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri matçı buraxıb. Nigeriyalı oyunçu ölkə kubokunun 1/4 finalında "Zirə" 0:1 hesabı ilə uduzduqları ilk matçı və qolsuz bərabərliklə bitən cavab görüşündə də iştirak etməyib.