"Neftçi" klubu qış transfer dönəmində futbolçusu Mamadu Kane ilə yollarını ayıra bilər.
"Report"un əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Yunanıstan "Olimpiakos"una qayıdacağı gözlənilir.
Pirey təmsilçisi bir neçə legioneri ilə vidalaşacağı üçün qvineyalı oyunçuya ehtiyac duyub.
Kanenin millidəki komanda yoldaşı Mendi Kamara gözlənilmədən Afrika Millətlər Kubokunun oyunları üçün dəvət almayıb. "Olimpiakos" onu satmaq istəsə də, hələlik bu səbəbdən fikrindən daşınmalı olub. Son ölkə çempionu digər qvineyalı yarımmüdafiəçi Agibu Kamara və bir neçə afrikalı oyunçusu milliyə dəvət aldığı üçün M.Kamaranı saxlamağı lazım bilib. Lakin afinalılar Afrika Millətlər Kubokunun oyunlarından sonra 24 yaşlı yarımmüdafiəçidən yeni klub tapmasını istəyəcək.
Yunanıstan klubunda daha əvvəl legionerlərin çoxluğu çempionatdakı limitə görə əsas göstərilib və bu səbəbdən Mamadu Kane icarəyə verilib. Artıq bu məsələ də həllini tapmaq üzrədir. Çünki "Olimpiakos" bir neçə legioneri ilə vidalaşmaq ərəfəsindədir. Portuqaliyalı Ruben Semedu karyerasını ölkəsində davam etdirəcək. Dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edən 27 yaşlı oyunçu karyerasını "Portu"da davam etdirməyə çox yaxındır. Baş məşqçi Pedro Martins serbiyalı müdafiəçi Svetozar Markoviçi də komandada görmək istəmir. Onun da qışda başqa kluba keçəcəyi ehtimal olunur. Müqaviləsi başa çatan mərakeşli hücumçu Yusuf El-Arabi ilə maliyyə məsələlərində hələlik razılıq əldə olunmayıb.
Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev "Report"a açıqlamasında bununla bağlı kluba rəsmi məlumat daxil olmadığını bildirib: "Mamadu Kane hazırda milli komandasının düşərgəsinə yollanıb. Yunanıstan tərəfindən bizə hansısa məlumat gəlməyib".
Qeyd edək ki, Mamadu Kane yay transfer dönəmində "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.