"Parlaq, heç kimin bir-birinə güzəştə getmədiyi oyun izlədik. Meydanda əsl kişi mübarizəsi getdi".
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur oyuundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis "ağ-qaralar"la oyunlarının hər zaman gərgin keçdiyini vurğulayıb: "Qələbəyə inanırdıq. Bu oyun bizim üçün mental cəhətdən də önəmlidi idi. Çünki əvvəl bu rəqibə qarşı yaxşı oynasaq da, qalib gələ bilməmişdik".
Musayev çempionluq haqqında düşünmədiklərini bildirib: "Qarşıdakı oyuna hazırlığı fikirləşirik. Turnir cədvəli yoxdur. Hələ mövsümün əvvəlidir".
O, 3 penaltini fərqli oyunçuların yerinə yetirməsinin səbəbini açıqlayıb: "Əsas penalti vuran Kristian Sebalyosdur. İkincini Aleksey İsayev vurdu. Üçüncünü yeni transferimiz Emmanuel Apeh vurdu. Əslində o, yerinə yetirməli deyildi. Sadəcə, çox istədiyi üçün ona şans verdik".
Rusiyalı baş məşqçi 90 dəqiqə yaxşı mübarizə apardıqlarını söyləyib: "Taktika ikinci planda idi. Mənə görə, 90 dəqiqə vuruşmağımız bizə qələbə qazandırdı. Oyuna hazırlıq təkcə 4-5 məşqdən, paltardəyişmə otağında verilən təlimatlardan asılı deyil. İlk hissədən sonra uşaqlara sakit olmağı tapşırdım. Məhz bunun sayəsində üstünlük əldə etdik. Futbolda proqnoz vermək çətindir. Bundan əvvəl 3 dəfə "Neftçi"yə qarşı yaxşı oynamışdıq, amma qalib gələ bilməmişdik".
Mütəxəssis "Neftçi"nin əks-hücumlarda sürətli oynadığını qeyd edib: "Bu, rəqibin ən yaxşı silahıdır. Biz də meydanda bunun qarşısını almağa çalışırdıq".
O, geridə qalan 3 turda bütün matçların çətin keçdiyini bildirib: "Baş məşqçiləri yerli və ya əcnəbi deyə fərqləndirməzdim. "Neftçi"yə qarşı oyun çox çətin alındı. Yalnız son 15 dəqiqədə matçın axarını dəyişə bildik".
Musayev "Qarabağ"ın Çexiyada "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa da toxunub: "Rəqib çox narahat komandadır. Topu verəndən sonra sərt oynayırlar. Fikrimcə, evdə də burdakı kimi oynayacaqlar. "Qarabağ"a soyuqqanlı oynamağı məsləhət görərdim. Şansları olacaq. Ümid edirəm ki, qrupa düşəcəklər. Qapanan rəqiblərə qarşı oynamaq çox çətindir. İnanıram ki, Ağdam klubu açarı tapa biləcək".