"Yenidən Niderlanda qayıtdığım üçün şadam".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü "NH Sport" nəşrinə açıqlamasında icarə əsasında Niderlandın "Telstar" klubuna keçidi barədə danışarkən deyib.
Türkiyə əsilli yarımmüdafiəçi sözügedən komandanı seçməsinin səbəbini açıqlayıb. 23 yaşlı oyunçu bunu "Telstar"ın əla futbol sərgiləməsi ilə əlaqələndirib: "Keyfiyyətli komandaya gəlmişəm. Gənc yaşlarımda Niderlanda oynadığım üçün bu klubu yaxşı tanıyıram. Burada maraqlı 6 ay keçirəcəyəm".
Kökçü yenidən Niderland çempionatında çıxışının onun inkişafına müsbət təsir edəcəyini vurğulayıb: "Öz klubumda da şans qazanırdım. Amma yenidən buradakı meydançalarda oynamaq üçün "Telstar"ı seçdim. Düşünürəm ki, çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edə bilər. Bu komandaya keçmək düşünülmüş addım idi".
Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.