Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq. "Dimamo" Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.
Azərbaycan millisi daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Belarus isə ilk belə oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarusa qarşı oynamayacaqlar.
2 iyun
Yoldaşlıq görüşü
20:00. Belarus - Azərbaycan
Minsk, "Dinamo" Milli Olimpiya Stadionu.