Mahir Şükürov: "Milli komanda haqqında fikir bildirəndə, xəbər göndərirlər ki, danışma"

Mahir Şükürov: "Milli komanda haqqında fikir bildirəndə, xəbər göndərirlər ki, danışma" "Rusiyanın "Anji" klubunda çıxış etdiyim vaxt oxşar epizod oldu. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçunu seçdilər və mən də həmin vaxt küsüb getdim"
Futbol
18 Noyabr , 2021 11:38
Mahir Şükürov: Milli komanda haqqında fikir bildirəndə, xəbər göndərirlər ki, danışma

Azərbaycan milli komandasının keçmiş futbolçusu Mahir Şükürovun “Report”a müsahibəsi

- Tərlan Əhmədovun 50 illik yubileyi münasibətilə jurnalistlərlə futbol veteranları arasındakı yoldaşlıq oyununda iştirak etdiniz. Bu oyunla bağlı nə deyə bilərsiniz?

- Həm futbolçu, həm də böyük qardaş kimi Tərlan Əhmədova hörmətimiz var. Birlikdə klub səviyyəsində və milli komandada futbol oynamışıq. Belə görüşdə meydanda olmaq həqiqətən xoş idi. Qismət olsun, biz də onun yaşına çataq. Jurnalislərə də təşəkkür edirəm. Bizim onlarla yaxşı münasibətlərimiz var, hamısına hörmət edirik. Hamımız bu gün dostcasına belə qarşılaşmada iştirak etdik. Meydanda maraqlı mübarizə alındı.

- Əvvəlki formanızdan neçə faiz uzaqsınız?

- Formamdan 80 faiz uzağam. Hazırda meydanda 20 faiz istədiklərimi edə bilirəm. Çünki tez-tez oynamırıq. Amma bir ay məşq etsəm, tam hazır olaram.

- Çempionatda oynaya bilərsinizmi?

- Bir ay məşq etsəm, Azərbaycan Premyer Liqasında oynaya bilərəm.

- Əslində məşqlərə başlamışdınız. Hətta oyunda da iştirak etmişdiniz. Amma tezliklə karyeranızı tam bitirdiniz...

- "Neftçi"də məşq etdim, "İnter"lə (hazırkı "Keşlə) oyunda meydana çıxdım. Həmin matçda 3:1 hesabı ilə qalib gəldik. O vaxt baş məşqçi Elxan Abdullayev idi. Özləri dedilər ki, artıq cavanlara şans verək. Ona görə mən də axıra kimi dirəşmədim. Abdullayevin məsləhətinə qulaq asdım deyə, həmin mövsümü oynamadım.

- Tərlan Əhmədov kimi siz də milli komandada 4 nömrəli forma ilə çıxış etmisiniz. Səhv etmiriksə, o gedəndən sonra bu nömrəni götürmüsünüz. Bunun hansısa xüsusi səbəbi var idi?

- Tərlan Əhmədov oynayanda biz uşaq idik, sadəcə, azarkeşlik edirdik. Əhmədov yığmadan gedən vaxtlarda mən gəldim. Sonra elə oldu ki, Karlos Alberto Torresin dönəmində Vaqif Sadıqov bir oyunluq komandaya gəldi və Avstriya ilə matça Tərlan Əhmədovu da dəvət etdi. Əhmədov isə mənə müraciət etdi ki, 4 nömrəli formanı ona verim. Mən də dedim ki, problem yoxdur. Həmin nömrəni ona verdim, özüm 13 nömrəli formada çıxış etdim. Əhmədovun yığmada axırıncı oyunundan sonra isə 4 nömrəli formanı həmişə mən geyindim.

- Bunu seçməyinizdə hansısa səbəb var idi?

- Müxtəlif forma nömrələrində çıxış etmişəm. "Neftçi"də 22 nömrəli formasını geyinmişəm. Bunun isə mənası 2+2 idi. Həmin vaxt çempion olduq. Digər yerlərdə isə 4 nömrəli futbolkanı geyinmişəm.

- Millinin son oyunları və nəticələri barədə nə deyə bilərsiniz? Komanda seçmə mərhələdə Lüksemburqa 1:3 hesabı ilə uduzub, Qətərlə isə yoldaşlıq görüşündə heç-heçə edib - 2:2...

- Yığma komanda haqqında çox danışırıq. Sonra xətirlərinə dəyir və inciyirlər. Xəbər göndərirlər ki, Mahir, danışma. Biz kimisə təhqir etmirik, futbolumuzun inkişafını istəyirik və bu səbəbdən, tənqidi fikirlər səsləndiririk. Bu seçmə mərhələdə də 1 xal toplaya bildik. Lüksemburqla matçda çox zəif oynadıq. Qətərlə qarşılaşmaya isə ikinci heyətə və ya gənc futbolçulara şans verilməli idi. Sonuncu və lazımsız oyun idi. Amma yenə də eyni heyəti gördük. Milli seçmə mərhələdə həqiqətən çox zəif oynadı.

- Əsas çatışmazlığı nədə görürsünüz?

- Milliləşdirməklə futbol inkişaf etməyəcək. 30 - 32 yaşlı futbolçunu milliləşdirib oynadırıq. Torres və Berti Foqtsun vaxtında da demişdim ki, milliləşdirməkdənsə, bizim gənc və istedadlı oyunçularımızı üzə çıxarmaq lazımdır. U-19 və U-21-ə haradan gəldi futbolçu gətirirlər. Bəlkə də, 100 futbolçu gətirib milliləşdiriblər, amma onların 90 faizi milli komandaya gəlib çıxmayıb. Hamısı 21 yaşdan sonra yox olublar. Ona görə də bu siyasətdən əl çəkmək və uşaq futboluna önəm vermək lazımdır. Uşaq futbolunda isə məşqçilər düzgün seçilməlidir. Hansı ki, keçmişdə çempion olan və millidə çıxış edənləri cəlb etmək mütləqdir. Halbuki baş məşqçiləri haradan gəldi gətirib yığırlar. Deyirlər ki, sən bilməsən də olar, köməkçin sənə yardımçı olacaq.

- Yığmada yerli, yoxsa əcnəbi baş məşqçinin olmasını istəyirsiniz?

- 3-4 təcrübəli azərbaycanlı baş məşqçi var. Onlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, digəri işsiz Tərlan Əhmədovdur. Əksəriyyəti isə gənc mütəxəssislərdir. Məncə, milliyə ən yaxşı namizəd Qurban Qurbanovdur. Amma düşünürəm ki, o, bir daha yığmaya gəlməz. Fikrimcə, Qurbanov elə "Qarabağ" klubu üçün yaranıb. O, klubdan ayrılsa, "Qarabağ"ı da itirə bilərik. Bu gün Azərbaycanın üzünü güldürən "Qarabağ"dır. Qurban Qurbanov ömrünün axırınadək bu klubda qalsa, yaxşıdır.

- Canni De Byazi qalsın?

- Xeyr. Bizə türkdilli baş məşqçi lazımdır. Çünki xarakterlərimiz uyğundur. Onlar futbolçuya çox motivasiya, inam verirlər. Əcnəbi baş məşqçi isə tərcüməçi ilə danışır və alınmır.

- Türkiyəli mütəxəssislərdən kimi məsləhət görərdiniz?

- Eşitdiyimə görə, Okan Burukla danışıq aparıblar. Amma o, istəməyib. Ona bəzi göstərişlər verib ki, filan oyunçunu götürürsən. O da deyib ki, heç kim mənim istəyimə qarışa bilməz.

- Belə fikirlər var ki, yığmada əzmkarlıq çatmır. Sizcə, həqiqətənmi futbolçular meydanda yetərincə can qoymurlar?

- Bizim vaxtımızda bütün futbolçularda liderlik xüsusiyyəti var idi. Top mənə gələndə Vaqif Cavadov fikirləşirdi ki, Mahir nə isə edəcək. Ona gedəndə isə mən elə düşünürdüm. Karyeramı bitirdikdən sonra cinah müdafiəçilərimizdən hücuma çıxmaq və cərimə meydançasına asma görməmişəm. Amma bizim vaxtımızda necə idi? Sağ və sol cinahların hamısı işləyirdi. Komandamızda liderlik çatmır. Həm də inanmıram ki, yerli baş məşqçi burada nəticə versin.

- Sizcə, Azərbaycanda ilin futbolçusu kim seçilməlidir: Polşanın "Legiya" klubunda uğurlu çıxış edən Mahir Emreli, yoxsa millidə qolları sıralayan "Neftçi"nin kapitanı Emin Mahmudov?

- Mənim fikrimcə, Emin Mahmudov. Çünki o, milli komandada çox işlər gördü, qolların əksəriyyətini vurdu. Mahmudov həm də formadadır.

- Milli komandada yaxşı oynamaq Azərbaycan xaricdə təmsil etməkdən daha üstündür?

- Mən də ölkəmizi xaricdə təmsil etmişəm. Rusiyanın "Anji" klubunda çıxış etdiyim vaxt oxşar epizod oldu. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçunu (Vaqif Cavadovu - red.) seçdilər və mən də həmin vaxt küsüb getdim. Sadəcə, milli komanda səviyyəsi tam başqadır. Mən bu il Emin Mahmudovu dəstəkləyirəm. Gələn il Mahir Emreli özünü göstərsə, onu dəstəkləyərəm.

Son xəbərlər

Orphus sistemi