Azərbaycan millisinin futbolçusu Mahir Emreli legioner həyatı yaşadığı müddətdə karyerasının ən yaxşı göstəricisini təkrarlayıb.
"Report"un məlumatına görə, "Nürnberq" klubunda çıxış edən hücumçu buna "Hoffenhaym"a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənməklə nail olub.
Beləliklə, forvard yalnız yerli turnirlər nəzərə alınmaqla meydana çıxdığı son üç qarşılaşmanın hər birində rəqib qapısına yol tapıb. Emreli II Bundesliqada "Qroyter Fyurt"a qalib gəldikləri oyunda (20 oktyabr, 4:0) hesabı açıb, bundan beş gün sonra "Reqensburq"u 8:3 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.
O, 2021-ci ildə Polşanın "Legiya" klubunun heyətində də bunu bacarıb. Hücumçu həmin vaxt Ekstraklasanın VIII turunda "Qurnik"ə (19 sentyabr, 3:1) qalib gəldikləri, ölkə kubokunda "Suvalki"ni (22 sentyabr, 3:1) məğlub etdikləri və IX turda "Rakuv"a uduzduqları (30 sentyabr, 2:3) matçda adını tabloya yazdırıb.
Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb.