"Krasnodar"ın baş məşqçisi: "İjevsk "Zenit"i ilə "Qəbələ"ni müqayisə etmək istəməzdim"

"Krasnodar"ın baş məşqçisi: "İjevsk "Zenit"i ilə "Qəbələ"ni müqayisə etmək istəməzdim" Oleq Kononov: "İstədiyimiz oyunu göstərmədiyimizin fərqindəyik"
Futbol
30 Sentyabr , 2015 19:20
Krasnodarın baş məşqçisi: İjevsk Zeniti ilə Qəbələni müqayisə etmək istəməzdim

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Bizi çətin oyun gözləyir. Çünki "Qəbələ" yaxşı qurulmuş oyunu və müttəşəkkilliyi ilə seçilən çox səviyyəli komandadır. Balanslaşdırılmış heyəti - yaxşı legionerlərimiz və yerli futbolçuları var". "Report"un məlumatına görə, bunu "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçından öncə Rusiya "Krasnodar"ının baş məşqçisi Oleq Kononov deyib.

49 yaşlı mütəxəssis Azərbaycan klubunun futbolçularından bəzilərini hələ Ukraynada çalışdığı vaxtdan tanıdığını bildirib: "İlk növbədə Floreskunu tanıyıram. Rumıniyalı futbolçudur, Rusiya çempionatında çıxış edib. Habelə Sergey Zenyovla "Karpatı"da işləmişəm. Ötən il o, Moskva "Torpedo"sunda çıxış edib. İndi isə "Qəbələ"də yaxşı oynayır, vacib qollar vurur. Bu səbəbdən Zenyova xüsusi diqqət ayırmaq lazımdır. Məşqçi kimi Ukraynada keçirdiyim matçlardan Antonov, Qay, Vernidub, qapıçı Bezotosnı ilə tanışam. Bunlar yaxşı məktəb keçiblər, Ukraynada aparıcı futbolçu olurlar. Bir çoxu yığmalarda çıxış edib və hazırda da oynayır. Bunlar mənim tanıdıqlarımdır. Komandada Latın Amerikasından olan oyunçular da var ki, onları da izləmişəm və çox güclüdürlər".

Meydana qələbə üçün çıxacaqlarını deyən O.Kononov doğma meydan amilindən yararlanmalarının vacibliyini vurğulayıb. Baş məşqçi bunun üçün futbolçularından maksimal konsentrasiya, böyük qələbə əzmi, habelə, həm hücumda, həm də müdafiədə keyfiyyətli oyunun tələb olunduğunu söyləyib: "Bu zaman nəticə də olacaq. Oyuna qurduğumuz taktika tam aydındır. Biz evdə oynayırıq. Qrupdan çıxma vəzifəsini yerinə yetirmək üçün öz meydanımızda bütün rəqiblərə qalib gəlməliyik. Buna görə də bir nömrəli vəzifə qələbə olacaq. Qalan məsələlər nüanslardır və bunları yalnız futbolçular biləcəklər".

"Krasnodar" ötən həftə Rusiya Kubokunun 1/16 finalında aşağı liqada mübarizə aparan İjevsk "Zenit"i ilə qarşılaşıb və 85-ci dəqiqədə vurduğu qolla qələbə qazana bilib. O.Kononov "Qəbələ"yə də zəif rəqib gözü ilə yanaşmalarının mənfi fəsadlar doğura biləcəyi ehtimalı ilə razılaşmayıb. O, iki komandanı müqayisə etməyi düzgün saymayıb: "İjevsk "Zenit"İ ilə Qəbələ"ni müqayisə etmək istəməzdim. Bu rəqiblər fərqli səviyyəlidirlər. Əvvəllər də "Qəbələ"nin çox güclü komanda olduğunu demişəm. Azərbaycan klubunun hazırkı nəticələri, "Panatinaikos"u "pley-off"da üstələyərək qrup mərhələsinə vəsiqə qazanması çox şeydən xəbər verir. Habelə "Qəbələ"nin PAOK-la matçına baxmışam. Amma müəyyən ərazi üstünlüyü istisna olmaqla, Yunanıstan komandalarının üstünlüyünü görməmişəm".

"Krasnodar"ın son zamanlar elə də uğurlu nəticələr göstərmədiyi fikri ilə razılaşan təcrübəli mütəxəssis komandanı müalicə etdiklərini söyləyib: "İstədiyimiz oyunu göstərmədiyimizin fərqindəyik. Amma bizdən gözlənilən oyunu zaman-zaman sərgilədiyimiz matçları və epizodları da qeyd edə bilərəm. Hazırda həm oyunçu, həm də məşqçilər heyəti olaraq müəyyən çatışmazlıqlarımızın olduğunu bilir və bunun üzərində çalışırıq. İşləsən, nəticə də gələcək. Biz hamımız birik və nəticənin mümkün qədər tez gəlməsini istəyirik. Hər bir legioner nəticə vermək üçün meydanda ən yaxşılardan olmaq istəyir. Bu, həm də onlardan tələb olunur. Nə isə qaydasında getmədikdə hər zaman müəyyən həyəcan, özünə inamsızlıq yaranır. Amma yenə deyirəm, biz birgə çalışırıq. Hər bir futbolçu anlayır ki, nəyə görə klubdadır və onun bütün cəhdləri aydındır: daha yaxşı oynamaq, komandaya xeyir vermək. Həm çempionatda, həm də Avropa Liqasında həmişə bəxt amilinin rolu var. Bu səbəbdən, biz hər gün keçirdiyimiz məşqlərdə və oyunlarda uğura nail olacağıq. Bunu daim deyəcəyəm: İnsan çalışırsa, özünü həmişə tapır".

Komandanın köklü dəyişikliyə ehtiyacının olmadığını deyən O.Kononov gözəl kombinasiyalı, pressinqli və bir neçə ötürmədən ibarət hücum futbolu görmək istədiyini söyləyib. O, "Demişdiniz ki, "Krasnodar" "Qəbələ" ilə oyunda pik nöqtəsində olacaq. Hazırda hansısa irəliləyişlər var?" sualını isə belə cavablandırıb: "Fikrimcə, var. Futbolçularla hər gün işlədikcə dəyişiklikləri görürəm. Mənim üçün vacibdir ki, onlar bunu oyunda göstərsinlər və siz də görəsiniz".

Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" matçı Bakı vaxtı ilə 2 oktyabr saat 00:05-də başlanacaq. Oyun "Kuban" stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi