"Kəpəz" İrandan gələn futbolçu ilə müqavilə imzalayacaq

"Kəpəz" İrandan gələn futbolçu ilə müqavilə imzalayacaq Dario Federiko komanda ilə məşqlərə qoşulub
Futbol
23 Yanvar , 2017 12:35
Kəpəz İrandan gələn futbolçu ilə müqavilə imzalayacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Braziliyalı futbolçu Dario Federiko "Kəpəz"in heyətində məşqlərə qoşulub. Bu barədə "Report"a komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

O, bildirib ki, 26 yaşlı yarımmüdafiəçi atasının səhhəti ilə əlaqədar düşərgəyə komanda yoldaşlarından gec gəlib: "Ailəsində böyük itki olmasa, Dario heç yerə getməyəcək. Hələ 3-4 ay əvvəl maaşını vaxtından tez istədi ki, atasının xəstəxana xərclərini ödəsin".

Ş.Diniyev futbolçunun "Kəpəz"də onun rəhbərliyi altında oynamaq istəməməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Bunların hamısı boş və əsassız söhbətlərdir. Nə oldu, bəs gəlmirdi?"

Baş məşqçi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Əli Nuri ilə tezliklə müqavilə imzalayacaqlarını da bildirib. Onun sözlərinə görə, artıq bir neçə aydır komandanın düşərgəsində olan dayaq yarımmüdafiəçisi ilə münasibətlərin rəsmiləşməməsinə səbəb İran Futbol Federasiyasından beynəlxalq transfer vərəqəsinin göndərilməməsidir: "Əli Nuri artıq bir neçə aydır bizim komanda ilə məşq edir. Sadəcə, həmin vaxt transfer pəncərəsi açılmadığınıdan, biz onu qeydiyyatdan keçirə bilmirdik. İndi qarşı tərəfdən məktub gözləyirik. Güman ki, yaxın günlərdə lazım olan sənəd göndəriləcək və futbolçu ilə münasibətlər rəsmiləşdiriləcək".

Qeyd edək ki, Əli Nurinin sonuncu klubu İranın "Fulad Xuzestan" komandası olub. O, U-21 yığmasının heyətində Türkiyənin Antalya bölgəsində keçirilən qış təlim-məşq toplanışında iştirak edib.

Son xəbərlər

Orphus sistemi