Kamran Ağayev: "Qurban Qurbanovun sözlərinin mənə nə aidiyyəti var?" - MÜSAHİBƏ

Kamran Ağayev: "Qurban Qurbanovun sözlərinin mənə nə aidiyyəti var?" - MÜSAHİBƏ "Axı mən içki içmirəm, siqaret çəkmirəm"
Futbol
19 Yanvar , 2018 17:47

Bakı. 19 yanvar. REPORT.AZ/ "Keşlə"nin yeni transferi Kamran Ağayev "Zirə"ni 2:1 hesabı ilə yendikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, 32 yaşlı qapıçı əvvəlcə oyunu dəyərləndirib...

Futbolda nəticəyə o qədər də fikir vermirik. Hamımız peşəkarıq. Bu, yoxlama oyunu idi. Burada nəticə kimə lazımdır ki?! Əsas məsələ baş məşqçinin göstərişlərini yerinə yetirməkdir. Tapşırıqlar oyundan-oyuna fərqli olur. Yuri Maksimov nə deyirsə, onu da edirik. Amma, əlbəttə, hər bir idmançı nəticə vermək istəyir. İstər-istəməz nəticə üçün oynamağa məcbursan. Adicə, özümüz üçün futbol oynayanda da aqressiv oluruq. Halbuki, sadəcə, tərləmək üçün oynayırıq. Bu, insanın özündən asılı olmayan bir şeydir. Amma nəticə olduğu qədər də gərək oyun da ortaya qoyasan.

- Əvvəllər də çıxış etdiyin "Keşlə" ilə indiki arasında fərqi nədə görürsən?

- Fərq hər zaman olur. Yüksəliş də mümkündür, eniş də... Hələ yeni başlamışıq, bir şey demək olmaz.

- Bu komanda ilə qış fasiləsindən sonra nəyə ümid etmək olar?

- Ümumiyyətlə, adam Azərbaycan çempionatına üzülür. Amma nə qədər üzülsək də, bu, doğma vətənimizin çempionatıdır. Əlimizdən gələni etməliyik. Bütün futbolçular hazır olsunlar.

- Yanvarın 27-də Azərbaycan millisinin təlim-məşq toplanışı başlayacaq. Dəvət gözləyirsən?

- Milli komanda barədə, ümumiyyətlə, heç nə danışmaq istəmirəm. Bu komanda hamımızındır və qapı bütün futbolçuların üzünə açıqdır. Çağırılıb-çağırılmayacağımı bilmirəm.

- Amma baş məşqçi Qurban Qurbanov bildirib ki, futbol oynamaqdansa, əsas insani keyfiyyətlərdir...

- Bu, nə deməkdir? Bu sözlərin mənə nə aidiyyəti var?

- Ölkənin bir nömrəli qapıçısı olsan da, haqqında müxtəlif söz-söhbətlər dolaşır...

- Bundansa, konkret deyin ki, bu sözlər sənə aiddir də... Qurban müəllimin müsahibəsini mən də oxumuşam. O, belə sözləri deyəndə sual vermişdilər ki, bu fikirləri Kamrana şamil edirsən? Nəyə görə də şamil etməlidir ki?! Axı mən içki içmirəm, siqaret çəkmirəm.

- Burada söhbət bir futbolçudan yox, bütün intizamsız oyunçulardan gedir...

- Axı mənim hansı intizamsızlığım var? Siz sualı birbaşa mənim üzərimə gətirirsiniz. Adını qoyursunuz ki, Qurban Qurbanovun nəzərdə tutduğu futbolçu Kamrandır. Milli komanda hamımızındır. Çağıracaqlar, gedib oynayacağıq. Dəvət etməsələr, oynamayacağıq. Burada üzüləsi bir şey yoxdur. Gəlib bir azarkeş kimi millinin oyununa baxacaq, alqışlayacaq, əl çalacağıq. Necə ki özümüz oynadığımız vaxt gəlib bizə baxırlar və ya digər növlər üzrə idmançımıza azarkeşlik edirik. "Milli komanda mənimdir", "Əsas heyətdə özüməm" söhbətləri yoxdur. Ümumiyyətlə, futbolda əsas heyət söhbəti yoxdur. Peşəkarlıq və nizam-intizamdan söhbət gedə bilər. Nizam-intizamı pozmağımdan danışırsınızsa, onu mən bilmirəm. Sadəcə, zədələr olur. Təkcə meydanda deyil, adi vaxtda da zədə ala bilərsən. Bu, normal həyatda belə baş verən haldır. Bir futbolçunun zədələnməsi nizam-intizamı pozmaq deyil axı... Yəni kiməsə yumruq atıb qırmızı vərəqə almağım başqa məsələdir, komandanın xeyrinə vaxtı gecikdirib qırmızı vərəqə almaq başqa...

- Çexiya "Mlada Boleslav"ına gedişini səhv addım hesab etmirsən?

- Səhv addım deyil. Sadəcə, zədədən yeni qayıtdığımdan, artıq çəki ilə getmişdim. Bu barədə komandanın baş məşqçisi də açıqlama verib. Orada artıq çəkidən qurtulsam da, yenidən zədə aldım. Ora Azərbaycan futbolu deyil ki, zədəni sənə keçsinlər. Avropa futboludur. Yenidən formaya düşəndən sonra yolumuza davam edəcəyik. "Keşlə" ilə mövsümün sonunadək müqavilə bağlamışam. İndidən heç nə demək olmaz.

Son xəbərlər

Orphus sistemi