Argentinada keçirilən 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının 1/2 final matçında İtaliya Cənubi Koreyanı məğlub edib.
“Report” xəbər verir ki, matç 2:1 hesabı ilə başa çatıb.
Avropa təmsilçisini 14-cü dəqiqədə Çezare Kazadey irəli çıxarıb. Koreyalılar 23-cü dəqiqədə Sın-Von Linin penaltini dəqiq yerinə yetirməsindən sonra hesabı bərabərləşdiriblər. İtalyanlara qələbə qazandıran qolu 86-cı dəqiqədə Simone Pafundi vurub.
Beləliklə, İtaliya turnirin finalına yüksəlib. Orada onu Cənubi Amerikanın Uruqvay yığması ilə matç gözləyir. Qarşılaşma iyunun 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə 01:00-da başlanacaq. İtaliya gənclər arasında dünya çempionatında ilk dəfə finala yüksəlib, Uruqvay isə 1997 və 2013-cü illərdə həlledici görüşlərə çıxıb, lakin hər iki halda gümüş medalla yetinib. Turnirin hazırkı qalibi Ukrayna komandasıdır.
Cənubi Koreya isə iyunun 11-də Bakı vaxtı ilə 21:30-da başlanacaq üçüncü yer uğrunda görüşdə İsraillə qarşılaşacaq.