İngiltərə Premyer Liqasının VIII turunda “Mançester Yunayted” klubu “Brentford” üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, “Old Trafford”da baş tutan qarşılaşmanı baş hakim Semuel Berrot idarə edib.
Oyunda hesabı qonaqlar açıb. İlk hissəyə əlavə edilmiş dəqiqədə yamaykalı İtan Pinnok qapıçı Onananı məyus edib – 0:1.
İkinci hissəyə fəal başlayan “qırmızı şeytanlar” artıq 47-ci dəqiqədə "status-kvo"nu bərpa ediblər. 20 yaşlı Alexandro Qarnaço Markus Reşfordun ötürməsindən maksimum yararlanıb – 1:1. Matçda son nöqtəni isə 62-ci dəqiqədə ev sahiblərinin danimarkalı hücumçusu Rasmus Höylunn qoyub – 2:1.
Beləliklə, Erik ten Haqın yetirmələri 10-cu pilləyə yüksəliblər. “Qırmızı şeytanlar”ın 11 xalı var. “Brentford” isə bu məğlubiyyətdən sonra 12-ci pilləyə yuvarlanıb. “Arılar” səkkiz oyuna 10 xal toplayıblar.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının turnir cədvəlinə 18 xalla “Liverpul” başçılıq edir. Liderin ən yaxın təqibçiləri 17 xala malik olan “Mançester Siti” və “Arsenal”dır.