İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Mançester Siti” London “Arsenal”ı ilə "sülh"ə razılaşıb.
“Report” xəbər verir ki, “Siti of Mançester” stadionunda baş tutan oyunu Maykl Oliver idarə edib.
“Mançester Siti”nin qollarını Erlinq Holann (9) və Con Stounz (90+8) vurub. “Arsenal”ın heyətində isə Rikkardo Kalafiori (22) və Qabriel (45+1) fərqlənib. Holann “Mançester Siti”də 100-cü qolunu vurub. Norveçli hücumçu klubda 105-ci oyununu keçirib.
İlk hissəyə əlavə edilmiş 8-ci dəqiqədə “Arsenal”ın hücumçusu Leandro Trossard ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, “Arsenal” 2015-ci ilin yanvarından Premyer Liqada “Mançester Siti”yə səfərdə qalib gələ bilmir. Bu müddətdə “topçular” 7 dəfə məğlub olub və 3 dəfə heç-heçə edib.
“Şəhərlilər” 13 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti pillələrdə isə “Liverpul” (12), “Aston Villa” (12) və “Arsenal” (11) qərarlaşıb. Növbəti turda “Arsenal” sentyabrın 28-də “Lester”i qəbul edəcək. “Mançester Siti” isə həmin gün səfərdə “Nyukasl”la qarşılaşacaq.