İngiltərə Premyer Liqası: “Liverpul” autsayder üzərində əzmkar qələbə qazanıb

Futbol
  • 08 mart, 2025
  • 22:05
İngiltərə Premyer Liqası: “Liverpul” autsayder üzərində əzmkar qələbə qazanıb

İngiltərə Premyer Liqasının XXVIII turu çərçivəsində “Liverpul” “Sauthempton”u qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Lyuis Smitin idarə etdiyi matç “Enfild”də baş tutub.

Birinci hissə “qırmızılar”ın üstünlüyü ilə keçsə də, hücumların "dişsizliy"i səbəbindən təhlükəli zərbələrin sayı az olub. Bununla belə, ilk yarını bütövlükdə müdafiədə keçirən “müqəddəslər” hissəyə əlavə edilmiş birinci dəqiqədə kapitan Vircil van Dayk və qapıçı Alisson Beker arasındakı anlaşılmazlıqdan istifadə edərək topu tora göndəriblər. İrlandiyalı Vill Smolbon Premyer Liqada ilk qoluna imza atıb.

İkinci hissəyə üç dəyişikliklə başlayan Arne Slotun komandası üçün "status-kvo"nu bərpa etmək üçün altı dəqiqə kifayət edib. 51-ci dəqiqədə Luis Diasın ötürməsindən sonra uruqvaylı hücumçu Darvin Nunyes tək toxunuşla Aaron Remsdeylin qoruduğu qapının torunu silkələyib. Bir neçə dəqiqə sonra ruhdan düşmüş qonaqların qapısına penalti təyin olunub. 54-cü dəqiqədə misirli Məhəmməd Salah “qırmızılar”ı hesabda irəli çıxarıb. Matçda son qol da 11 metrlik nöqtədən vurulub. 88-ci dəqiqədə İvan Yuriçin komandasının müdafiəçisi Yukinari Suqavaranın əl ilə oyununa görə təyin olunan penaltini bu səfər də Salah yerinə yetirib – 3:1.

Beləliklə, 29 oyundan sonra çempionatın lideri “Liverpul”un 70 xalı var. Onun ən yaxın təqibçisi 54 xala malik “Arsenal”dır (ehtiyatında iki oyun var). “Sauthempton” isə 28 oyuna cəmi 9 xal qazanıb. Komanda sonuncu pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası: “Liverpul” autsayder üzərində əzmkar qələbə qazanıb

44 filmi