İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Vulverhempton” Liverpul şəhərinin eyniadlı komandasını qəbul edib.
“Report” xəbər verir ki, Entoni Teylorun idarə etdiyi matç “Molinyu” stadionunda baş tutub.
“Liverpul” ilk yarıya əlavə edilmiş ikinci dəqiqədə hesabı açıb. Fransalı müdafiəçi Brahim Konate hücumçu Dioqu Jotanın hava ötürməsini qola çevirib.
56-cı dəqiqədə əlcəzairli Rayan Ait-Nuri "status-kvo"nu bərpa edib – 1:1. Lakin cəmi beş dəqiqə sonra misirli hücumçu Məhəmməd Salah penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib – 1:2.
Bu qələbədən sonra Arne Slotun yetirmələri 15 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Liverpul”un ən yaxın təqibçiləri bir xal geri qalan “Mançester Siti” və “Arsenal”dır.
Cari mövsümdə 5-ci məğlubiyyətlə üzləşən “Vulverhempton” isə turnir cədvəlinin sonuncu pilləsində qalıb.