İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Liverpul” “Tottenhem”i qəbul edib.
Futbol
5 May , 2024 21:35
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Liverpul” “Tottenhem”i qəbul edib.

“Report” xəbər verir ki, hakim Pol Tirninin idarə etdiyi matç “Enfild” stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, “qırmızılar” fəal başlayıb. Artıq 16-cı dəqiqədə Məhəmməd Salah topu başla tora göndərib. Yarım saat sonra ev sahiblərinin cinah müdafiəçisi Endryu Robertson fərqi artırıb.

İkinci hissənin ilk 15 dəqiqəsində Yürgen Kloppun yetirmələri daha iki qol vurublar. 50-ci dəqiqədə Kodi Qakpo Harvi Elliotun ötürməsini qola çevirib. Cəmi 9 dəqiqə sonra Harvi Elliot “Liverpul”un dördüncü qolunun müəllifi olub.

Bununla belə, matçın son 20 dəqiqəsində “mahmızlar” oyunda geridönüş etməyə çalışıblar. 73-cü dəqiqədə Rişarlison, 77-ci dəqiqədə isə koreyalı Son Hın Min fərqlənsə də, Angelos Postekoqlunun yetirmələrinin bundan artığına gücü çatmayıb. Beləliklə, matç Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 4:2.

Qeyd edək ki, 36 oyundan sonra “Liverpul”un nəzəri də olsa, çempionluq şansı qalır. Komandanın 78 xalı var və hazırkı çempion “Mançester Siti”dən (ehtiyatında bir oyunu var) 4, cari turnir cədvəlinin lideri “Arsenal”dan isə 5 xal geri qalır. Bununla belə, “qırmızılar” üçüncü pilləni təmin ediblər. Mersisayd təmsilçisinin ən yaxın təqibçisi “Aston Villa”dır (67 xal).

“Tottenhem” isə 35 oyuna 60 xal qazanıb. Beşinci pillədə qərarlaşan “mahmızlar”ı 36 oyun keçirən “Aston Villa”dan 7 xal ayırır. “Ağlar” ardıcıl dörd oyundur ki, yenilirlər.

Xatırladaq ki, mövsümün birinci yarısında “Tottenhem” hakimin şübhəli qərarlar verdiyi oyunda “Liverpul”u məğlub etmişdi.

Son xəbərlər

Orphus sistemi