İngiltərə Premyer Liqasının XX turunda “Kristal Pelas” “Çelsi” ilə oyunda məğlubiyyətdən xilas olub, “Mançester Siti” isə “Vest Hem”i darmadağın edib.
“Report” xəbər verir ki, “Kristal Pelas” və “Çelsi” arasındakı London derbisi “Selhörst Park”da, “Mançester Siti” – “Vest Hem” qarşılaşması isə “Siti of Mançester Stedium”da baş tutub.
Derbidə hesabı “zadagənlar” açıb. 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb. Bununla belə, təziqi artıran “qartallar” 82-ci dəqiqədə istəklərinə nail olublar. Belə ki, Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib – 1:1.
Paralel keçən digər qarşılaşmada “Mançester Siti” London təmsilçisi “Vest Hem”ə dörd qol vurub. 10-cu dəqiqədə “çəkicdöyənlər”in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub. Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Erlinq Holann “şəhərlilər”in üstünlüyünü darmadağın həddinə çatdırıb. Cəmi üç dəqiqə sonra Fil Foden komandasının dördüncü qoluna imza atıb. Londonluların gücü isə bir qola çatıb. 71-ci dəqiqədə Niklas Füllkruq qapıçı Stefan Orteqanı məyus edib.
Digər qarşılaşmalarda “Aston Villa” “Lester”i (2:1), “Bornmut” “Everton”u (1:0), “Brentford” isə “Sauthempton”u (5:0) yenib. Öncəki oyunda “Nyukasl” səfərdə “Tottenhem”dən üstün olub – 2:1.
Günə “Brayton” – “Arsenal” matçı ilə yekun vurulacaq. Turun mərkəzi qarşılaşması isə Mersisaydda keçiriləcək. Çempionatın lideri “Liverpul” əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək.