Bakı. 5 iyul. REPORT.AZ/ Gürcüstanın "Kolxeti-1913" klubunun 5 futbolçusu 6 aylıq diskvalifikasiyaya məruz qalıb.
"Report"un məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının (GFF) İntizam Komitəsi qərar qəbul edib. Müdafiəçi Laşa Qoqonaya, Georgi Kilasoniya və Tornike Jimşeleişvili, eləcə də yarımmüdafiəçi Boris Maxaradze və Zubari Arziani danışılmış oyunlarda iştirak və oyunun nəticəsini dəyişməyə cəhddə şübhəli bilinirlər.
İyunun 29-da "Kolxeti-1913"ün evdə Tbilisi "Dinamo"suna 3:6 hesabı ilə uduzduğu Gürcüstan çempionatının XVII tur matçı bukmeyker kontorlarında şübhə doğurub. "bwin" şirkəti hesab 1:0 "Kolxeti-1913"ün xeyrinə olduğu vaxt "Dinamo"nun qələbəsi üçün inanılmaz dərəcədə böyük pul qoyuluşları edilməyə başlayıb. Tbilisi komandası axırıncı 3 qolunu sona 8 dəqiqə qalmış vurub.
Şirkət pul qoyuluşlarının sayı və məbləğinin "böyük beşlik" çempionatlarındakı oyunların göstəriciləri qədər olduğunu, habelə istifadəçilərin bloklandığını Avropa İdman Təhlükəsizliyi Assosiasiyasına (ESSA) çatdırıb. ESSA öz növbəsində əməkdaşlıq etdiyi UEFA-nı, Avropa futbol qurumu isə GFF-ni bu oyunun şübhəli olduğuna dair məlumatlandırıb.
Qonşu ölkənin milli asssosiasiyası oyunçularla yanaşı, klubu da cəzalandırıb. Qərara əsasən, "Kolxeti-1913"ün aktivindən 6 xal silinib. Bununla da Poti komandası 8 xalla sonuncu - 10-cu pilləyə enib.
Qeyd edək ki, hazırda "Qəbələ"də çıxış edən Rasim Ramaldanov 2016-cı ilin iyulunda 2017-ci ilin yanvarınadək "Kolxeti-1913"ün formasını geyinib.